"Kopenhagen"i yaxından tanıyaq

16:39 4 Avqust 2017

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşacaq.

Ölkəsinin ən titullu klubu olan “Kopenhagen” 1992-ci ildə yaradılıb. 12 dəfə Danimarka çempionu adını qazanan komanda 8 dəfə  kubokun, 3 dəfə isə Super Kubokun qalibi olub. Rəqib avrokubokların qrup mərhələsində (4 dəfə Çempionlar Liqası, 6 dəfə Avropa Liqası)  ən çox iştirak edən Danimarka klubudur.

2010/11 mövsümündə “Kopenhagen” Çempionlar Liqasının qrup mərhələsində üçüncü pilləni tutaraq Avropa Liqasının 1/16 finalına vəsiqə qazanıb. Bu, klub tarixində ən böyük uğur sayılır. UEFA-nın reytinq cədvəlində bu komanda Skandinaviya ölkələri içərisində ən yüksək xala malik klubdu.

Bu il Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayan “Kopenhagen” Slovakiyanın "Jilina"(3:1, 1:2), daha sonra isə Makedoniyanın “Vardar” (0:1, 4:1) klubunu mübarizədən kənarlaşdıraraq pley-off-a vəsiqə qazanıb.

Komanda ev oyunlarını 38 min 65 nəfərlik “Telia Parken” stadionunda keçirir.  Hazırkı heyətdə 12 legioner çıxış edir 12 (4 isveçli, 2 serbiyalı, 1 norveçli, 1 kiprli, 1 sloveniyalı, 1 slovakiyalı, 1 paraqvaylı və 1 çexiyalı). "Komandanın" ən bahalı futbolçusu Federiko Santander sayılır. 26 yaşlı forvardın transfer qiyməti 2 milyondan artıq göstərilir. Son mövsüm heyətdə ən sərrast oyunçu da Santander olub. O, Andreas Kornelyusla eyni sayda - 12 qola imza atıb.

“Kopenhagen”in baş məşqçisi norveçli Stol Solbakkendi. O, 2013-cü ildən bu komandanı çalışdırırır. Bu mütəxəssis “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova tanış simadır. Onlar futbolçu kimi üz-üzə gəliblər.  Bu, ötən əsrə təsadüf edib. DÇ-1998-in seçmə mərhələsi çərçivəsində 1996-cı ildə Norveçdə keçirilən ilk matçda (5:0) Solbakken dubl edib, Qurban Qurbanov isə oyuna ikinci hissədə daxil olub. Bir il sonra keçirilən cavab görüşündə (0:1) hər iki futbolçu 90 dəqiqə meydanda olsa da, qol vura bilməyib.

"Qarabağ" və "Kopenhagen" də bir-birinə tanış komandalardı. 1998/99 mövsümündə Kuboklar Kubokunda keçirilən oyunlarda danimarkalılar böyük üstünlüklə mərhələ keçiblər. Ağdam klubu iki oyunda qol vurmadan, ümumilikdə 10 top buraxaraq uduzub - 0:6 və 0:4.

“Qarabağ”ın “Kopenhagen”lə ilk oyunu 15-16 avqustda Bakıda, cavab qarşılaşması isə 22-23 avqustda səfərdə keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti