UEFA Polşanın “Legiya” klubuna qarşı araşdırmalara başlayıb.
Sportarena.az xəbər verir ki, araşdırmaya səbəb Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Qazaxıstan "Astana"sı ilə keçirilən cavab görüşündə stadionda siyasi plakatın açılmasıdı. Bundan əlavə, UEFA qarşılaşma zamanı stadionda keçidlərin bağlı olmasının da səbəblərini araşdıracaq. Məsələyə avqustun 17-də baxılacaq.
Qeyd edək ki, Polşa təmsilçisinin azarkeşləri oyundan öncə 1944-cü ildə faşistlər tərəfindən qətlə yetirilmiş insanları yad ediblər. Onlar “Varşava üsyanı zamanı almanlar 160 minədək insan öldürdü ki, onlardan da minlərləsi uşaq idi” yazılmış pankart açıblar. Bundan əlavə, azarkeşlər üzərində uşağın başına tapança dirəmiş faşist zabitinin əks olunduğu nəhəng poster də nümayiş etdiriblər.
Varşavada keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Lakin ilk görüşdə "Astana" 3:1 hesabı ilə qalib gəldiyi üçün mərhələ adlayıb.