Mançester Yunayted”in və İspaniya millisinin yarımmüdafiəçisi Xuan Mata təqdirəlayiq hərəkətlə diqqət mərkəzinə düşüb.
Sportarena.az xəbər verir ki, 29 yaşlı futbolçu klubunda aldığı maaşın 1 faizini yardıma möhtac olan uşaqlara vermək qərarına gəlib. Bu barədə ispan futbolçu İngiltərə mətbuatına açıqlamasında məlumat verib. Hər ay maaşının 1 faizini dünyanın 80 ölkəsində fəaliyyət göstərən “Common Goal” xeyriyyə təşkilatına verəcək Mata, bu addımı digər futbolçuların da atmasını gözlədiyini deyib:
“Paylaşmaqla dünya dəyişəcəksə, bunda mənim də payım olsun istəyirəm. Kömək edən futbolçulardan ibarət “11”-lik formalaşdırmağı arzulayıram. Bunu kompaniya halına gətirə bilərik. Bu işə öncülük etmək istəyirəm”.
Qeyd edək ki, Matanın MY-dəki həftəlik maaşı 140 min funt sterlinqdir.