Futbol üzrə Türkiyə Superkuboku uğrunda son ölkə çempionu "Beşiktaş"la Türkiyə Kubokunun qalibi "Konyaspor" arasında baş tutan qarşılaşma insidentsiz ötüşməyib.
Sportarena.az xəbər verir ki, Konya təmsilçisinin 2:1 hesablı qələbə sayəsində Superkuboka sahib çıxdığı qarşılaşmaya daha çox azarkeşlərin davranışı damğa vurub. Belə ki, matç başlayan andan meydana yad əşyalar atmağa başlayan fanatlar elə ilk dəqiqələrdəcə oyunun dayandırılmasına səbəb olublar. Lakin baş hakim qarşılaşmanı tez bərpa edib.
Tribunalardakı əsas hadisələr isə fasilədən sonra yaşanıb. Samsunda baş tutan görüşün ikinci yarısında "Beşiktaş"lı Cenk Tosunun vurduğu cavab qolundan sonra azarkeşlərdən bəzisi meydana qaçıb. Həmin vaxt hətta meydana bıçaq da atılıb. "Beşiktaş"lı futbolçu Rikardo Kuaresma həmin bıçağı yerdən götürüb baş hakim Fırat Aydınusa verib.
Qarşılaşmanın başa çatdığını bildirən fit səsindən sonra tribunalardakı gərginlik daha da yüksəlib. Belə ki, tarixində ilk dəfə Superkubok qazanan "Konyaspor" tərəfdarları bunu bayram etmək üçün meydançaya axışıblar. "Beşiktaş" azarkeşlərindən də bir neçəsi meydana qaçınca tərəfdarlar arasında əlbəyaxa dava yaranıb. Polislər və təhlükəsizlik xidmətinin əməkdaşları meydanı çətinliklə də olsa, onlardan təmizləyə biliblər. Yalnız ondan sonra "Konyaspor" futbolçuları mükafatlarına və Superkuboka sahib çıxıblar.