Voleybol üzrə Azərbaycanın qadınlardan ibarə milli komandasının oyunçusu Ayşən Əbdüləzimova Azərbaycan Voleybol Federasiyasının rəsmi feysbuk səhifəsindən azarkeşlərin suallarını cavablandırıb.
Sportarena.az həmin müsahibəni təqdim edir.
- Ayşən neçə yaşında voleybolla məşğul olmağa başlayıb? Ona voleybola sevdirən nə olub?
- Voleybolla 8 yaşdan məşğul olmağa başlamışam. Voleybolu mənə sevdirən elə voleybolun özü olub (gülür). Bu idman növünü həmişə sevirdim. Şadam ki, bu yolu seçdim.
- İnşallah, səni Avropa klublarında görərik...
- İnşallah. Mən bu haqda hələ heç nə deyə bilmərəm. Daha doğrusu, indi bu haqda düşünmürəm. Çünki hal-hazırda bütün fikirlərim milli komanda ilə bağlıdı.
- Ən sevimli azarkeşlərin kimlərdi?
- Sözsüz ki, valideynlərim.
- Ən sevdiyin oyunçu kimdi?
- Vaxtilə İtaliya millisində çıxış etmiş Simona Gioli.
- Əslən şəkili olan Ayşən sonuncu dəfə Şəkidə nə vaxt olub?
- Düzünü desəm, xatırlamıram. Amma Şəkini çox sevirəm. Bu sualdan sonra o yerlər üçün darıxdığımı anladım. Boş vaxtım olan kimi oralara mütləq gedəcəyəm.
- Gələcəkdə məşqçi olmağı fikirləşirsiniz?
- Perspektivdə hər şey ola bilər. Amma bu sual məncə 3-4 ilə həll olunan və ya cavabı tapılan suallardan deyil. Mən hələ oynamaq istəyirəm. Gələcəyi isə zaman göstərəcək.
- Karyeranızda ən çətin və ən yaddaqalan qarşılaşma hansıdır?
- 2014-cü ildə keçirilən dünya çempionatının (DÇ) ilk oyununu qeyd edərdim. Dünya reytinqində 3-cü olan yaponlarla qarşılaşırdıq. O matç yaddaşımdan silinməz. DÇ-də debüt oyunum idi. Yadımdadır ki, qarşılaşmaya pis başladıq, amma toparlanıb tay-brekdə qalib gələ bildik. Bu oyunu həm ən çətin, həm də ən yaddaqalan matçım kimi dəyərləndirərdim.
- Karyeranızı nə vaxt bitirəcəksiniz?
- Görsəm ki, voleybol artıq mənə həzz vermir, oyunun ləzzətini hiss edə bilmirəm və ya kiminsə yerini haqsız olaraq tuturam, karyeramı bitirəcəyəm. Ancaq ona qədər hələ var.
- 20 yaşdan sonra voleybol oynamağa başlaya bilərəm?
- Həvəskar səviyyədə, əlbəttə ki.