Birinci divizionda danışılmış oyunlar ehtimalının qarşısının alınması, stabilliyin və şəffaflığın təmin olunması məqsədilə AFFA və PFL-in apardığı birgə müzakirələrin nəticəsi olaraq yeni sistemin tətbiqinə qərar verilib.
Sportarena.az xəbər verir ki, bununla bağlı AFFA-nın Lisenziyalaşdırma Qrupunun hazırladığı təkliflər İcraiyyə Komitəsinin üzvlərinə təqdim olunub. Nəticədə baş katiblik komitə üzvləri ilə fərdi qaydada müzakirə aparıb. İcraiyyə Komitəsinin əlavə və dəyişiklikləri nəzərə alındıqdan sonra birinci divizionda çıxış etmək istəyən klublar üçün müraciət qaydaları hazırlanıb.
Tətbiq olunacaq yeniliklər əsasən növbəti mövsüm üçün təsdiq olunmuş büdcə proqnozunu, klubun yazılı strategiya planı (gələcəyə baxış inkişaf konsepsiyası), mövsüm ərzində istifadə edəcəyi infrastrukturla və klubun rəsmi saytı ilə bağlı məlumatları əhatə edir. Müraciət etmiş klubun birinci divizionda çıxışı üçün müsbət cavab verilib-verilməməsinə təqdim olunmuş sənədlərin tamlığı, AFFA-nın təyin etdiyi Komissiya və ya müvafiq orqan tərəfindən aparılmış araşdırma və təhlilin nəticələri, eləcə də 2016/17-ci il mövsümü ərzində UEFA-dan “danışılmış oyunlarla” bağlı daxil olmuş hesabatlar kimi faktorlar təsir edəcək.