Türkiyə millisini təmsil edən azərbaycanlı atlet Ramil Quliyevin Londonda təşkil edilən yüngül atletika üzrə dünya çempionatının 200 metr məsafə yarışlarını qalib başa vurması barədə məlumat vermişdik.
Sportarena.az xəbər verir ki, həmyerlimizin tarixi uğuru təmsil etdiyi Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyip Ərdoğanın da diqqətindən yayınmayıb. Prezident rəsmi “tvitter” səhifəsində azərbaycanlı idmançını təbrik edib:
“Atletika üzrə dünya çempionatında kişilər arasında 200 metr məsafəyə yarışda qızıl medal qazanaraq hamımızı qürurlandıran Ramil Quliyevi könüldən təbrik edirəm”.
Xatırladaq ki, Ramildən öncə bu məsafəyə yarışda qızıl medalı əfsanəvi atlet Useyn Bolt əldə etmişdi. Yamaykalı atlet 4 dəfə ardıcıl 200 metr məsafəyə yarışı qızıl medalla başa vurmuşdu.