Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”i qəbul edəcək “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Komanda.az xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:
- Vacib oyuna çıxacağıq. Matçın mahiyyətini bilirik. Hər bir futbolçumuz çox məsuliyyətlidi. Yaxşı, amma oyun tərzi bizə uyğun olmayan komandaya qarşı çıxış edəcəyik. Ən yaxşı oyunumuzu meydanda göstərməyə çalışağıq.
- Sabahkı oyunöncəsi komandada vəziyyət nə yerdədi? Futbolçularda gərginlik yoxdu ki?
- Optimal formamızdan uzağıq. Çünki bəzi futbolçularda mikrozədələr oldu. Amma demək olar ki, hamı qaydasındadı. Sadəcə, bəzi futbolçularım hazırlığı məni narahat edir. Bunun da müəyyən səbəbi var. Bu görüş Azərbaycan futbolu üçün önəmlidi. Futbolçuların üzərinə getmək, onları gərginlikdə saxlamaq düz çıxmaz. Komandada həyəcan var. Amma həyəcan varsa, deməli, məsuliyyət var. Oyunun mahiyyətini hamımız başa düşürük.
- Püşkatmadan sonra rəqibin oyununu canlı izləmək mümkün olubmu?
- Hansı ölkənin komandasının bizə rəqib olduğunu bildikdən sonra canlı izləməyə ehtiyac yoxdu. Daha çox videoyazılara baxmışıq, bizim üçün bunlar önəmlidi. Bunun sayəsində rəqib haqda məlumat toplamışıq.
- Bundan əvvəl də Skandinaviya klubları ilə qarşılaşmısız. Rəqibin oyunlarını canlı izləməməyiniz bundan irəli gəlir?
- Sabah özünüz də görəcəksiz ki, rəqibin oyun sistemi heç vaxt pozulmur. Bu mənada, oraya getməməyimiz arxayınlıqla bağlı deyil. Düzdü, Skandinaviya ölkələrinin komandaları ilə qarşılaşmışıq. Amma Danimarka klubları fərqlidi. Sıx qrafikimiz var. Bu gün üçün belə qərar verdik.
- “Kopenhagen” Danimarka çempionatında yaxşı çıxış etmir. Bu, sizə necə təsir edəcək? Hazırlığı rəqibə uyğun keçmisiz?
- Rəqib Danimarka çempionatında son matçlarda xal itirib. Çempionatla Avroliqa oyunları tam fərqlidi. “Kopenhagen”in çox böyük təcrübəsi var və bu bizə hər an mane ola bilər. Ağır olsa da, əlimizdən gələni edəcəyik. Oyunun gedişində bəzi dəyişiklərə əl ata bilərik. Sabah futbolçularım düzgün oyun qurmağa çalışacaqlar.
- Donald Gerryenin durumu nə yerdədi?
- Sağlamlığı pis deyil. Sabah həkimlərin fikrini bir daha soruşacam. Bundan sonra qərarımı verəcəm.
- Avropa Liqasının qrup mərhələsini təmin etmisiz. Bunu bilib, meydana çıxmaq futbolçulara necə təsir edəcək?
- Biz sabah Çempionlar Liqasının matçına çıxacağıq və onun himni səslənəcək. Belə ağır oyunları çox keçirmişik. Çalışmışıq ki, məğlub olanda da meydanı başıyuxarı tərk edək. Ən azı, bu səviyyədə qalmalı və getdikcə daha da “artırmalıyıq”.
- Dani Kintananın yenidən zədələnməsi planlarınızı pozmadı ki?
- Əlimdə nə qədər çox futbolçu olsa, bir o qədər yaxşıdı. Şükürlər olsun ki, zədəsi çox ciddi deyil. Yəqin tam formasını bərpa etməsi üçün 1 ay lazım olacaq.