UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində doğma meydanda Danimarka “Kopenhagen”i ilə ilk oyunda 1:0 hesabıyla qalib gələn “Qarabağ”ın futbolçusu Donald Gerrye matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az xəbər verir ki, Ağdam klubunun haitili futbolçusu öncə bunları söyləyib:
- Bizim üçün böyük oyun oldu. Bu matçı heç kim asan qarşılaşma hesab etməsin. Meydanda mübarizə apardıq. Bizə hesabı açmaq, qələbə qazanmaq lazım idi. Çünki səfərdə bizi daha bir 90 dəqiqə gözləyir. Sona qədər mübarizə aparacağıq ki, mərhələni adlayaq. Buna heç kimin şübhəsi olmasın.
- Əvvəllər Skandinaviya klublarına qarşı oynamısız?
- Danimarkada çıxış etməmişəm. Amma xatırlayıram ki, bir neçə il əvvəl “Malmö”yə qarşı oynamışdıq. Təəəssüf ki, mərhələ adlaya bilməmişdik.
- Ötürmə etməkdə bir qədər xəsislik edirsiz. Səbəbi komandada yeni olmağınızla bağlıdı, yoxsa bu cür oynamağı sevirsiz?
- Xüsusi səbəbi yoxdu. Futboldu, ötürmə də verirsən, ehtiyac olanda qapıya zərbə də endirirsən, futbolçunu da keçməyə cəhd edirsən. Həmin anda hansının daha yaxşı olduğunu düşünüb, qərar verirəm. Ehtiyac olanda Maksim Medvedevlə oynayıram, bəzən cinahımı dəyişirəm, Ansi Aqolli ilə oynayıram.
- Rəqibin müdafiəçisi Benqtsson oyun ərzində həm Maksimi, həm də sizi təxribata çəkdi. Onun bu cür hərəkətlər edəcəyini əvvəlcədən bilirdizmi?
- Onun niyyətini anlayırdım. Bu da futbolun bir hissəsidi. Əlbəttə, onun “oyununa” gəlməməyə çalışırdım. Bura niyə gəldiyimi bilirəm. Təbii ki, “Qarabağ”a kömək etməliyəm. İlk işim hansısa təxribata uyub komandamı azlıqda və çətin vəziyyətdə qoymaq deyil, qələbə qazanmasına yardımçı olmaqdı.