Son 3 ildə Avropa Liqasının qrup mərhələsində iştirak edən, bu il isə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqənin bir addımlığında olan Azərbaycan çempionu “Qarabağ” Macarıstan mətbuatının diqqətini cəlb edib.
Sportarena.az xəbər verir ki, bu ölkənin “origo.hu” saytı Ağdam təmsilçisi barədə yazı hazırlayıb. “Qarabağ”: Tiki-takayla xəyalət şəhərdən Çempionlar Liqasına” başlığıyla verilmiş məqalədə “köhlən atlar”ın son illərdə qazandığı uğurlardan, sərgilədiyi oyundan bəhs edilib.
Yazıda klubun ermənilər tərəfindən işğal edilən və hazırda xarabalığa çevrilmiş Ağdam şəhərini təmsil etdiyi, vaxtilə bu komandanın baş məşqçisi olmuş Allahverdi Bağırovun isə məhz Qarabağ uğrunda döyüşlərdə həlak olduğu da vurğulanıb.
Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda evdə Danimarkanın “Kopenhagen” komandasını 1:0 hesabıyla məğlub edib.