Bu gün "Neftçi”nin baş məşqçi vəzifəsindən istefa verən Elxan Abdullayev azarkeşlərə vida sözləri ilə müraciət edib.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Abdullayev bunları deyib:
"Hər şeydən əvvəl "Neftçi” PFK-nın rəhbərliyinə mənə inandığı və şans verdiyi üçün minnətdarlığımı bildirirəm. 3 illik müqaviləmin qüvvədə olmasına rəğmən, komandanın ilk iki turda göstərdiyi nəticələrin məsuliyyətini üzərimə götürərək istefa verdim. Bu qərar heç də asan başa gəlmədi və hər hansı bir kənar təzyiqlə bağlı deyil. Mübariz bir insan kimi indiyədək hansısa təzyiq və tənqidlərdən çəkinməmişəm. Sadəcə, son nəticələri "Neftçi”nin böyük tarixinə yaraşdırmadım. Hər şeydən maksimum əldə etməyə çalışan bir insanam və bu çətin vəziyyətdən çıxış yolunu getməkdə gördüm. Ümid edirəm ki, bu qərarım "Neftçi”yə yalnız xeyir verər. Klubda çalışdığım müddətdə mənə inanan və dəstək olan hər kəsə, hər bir azarkeşə təşəkkür borcluyam! Çox sağ olun!”.