Vaqif Sadıqov: "Prosineçki nə etdiyini yaxşı bilən məşqçidir" - MÜSAHİBƏ

11:51 22 Avqust 2017

Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun müsahibəsi.
 
- Vaqif müəllim, «Qarabağ» sabah Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında «Kopenhagen»lə görüşəcək. Təcrübəli mütəxəssis kimi komandamızın mərhələ adlamaq şansını necə dəyərləndirərsiniz?

- Bakıdakı oyun göstərdi ki, «Qarabağ» səfərdə də «Kopenhagen»ə qarşı rahat oynaya və sərfəli nəticə əldə etməklə Azərbaycan futbolu tarixində yeni bir səhifə yaza bilər. «Qarabağ»ın Çempionlar Liqasında bu mövsümkü çıxışına nəzər salsaq, görərik ki, komanda oyundan-oyuna «artırıb». İlk oyunda ən zəif «Samtredia» ilə qarşılaşmada olduğu kimi ən güclü rəqib «Kopenhagen»lə də eyni cür oyun nümayiş etdirdi. Bu isə komandanın daha artığına nail olmaq potensialından xəbər verir. Daxili birincilikdə «Qarabağ»ın 60-70 faiz topa sahib olmaqla mövqeli hücumlar təşkil etdiyinə öyrəşmişik. «Kopenhagen»lə matçda isə bundan savayı komandamızı əks-hücumu da yaxşı qurduğunun şahidi olduq. Mahir Mədətovun məhz əks-hücumda fərqləndiyi fikrimin doğru olduğuna sübutdur. Baş məşqçi Qurban Qurbanovun rəqibi yaxşı təhlil etdiyini də deməliyəm. Ümumiyyətlə, «Qarabağ»ın potensalı yüksəkdir. Komanda Çempionlar Liqasında indiyə kimi keçirdiyi oyunların hamısında baxımlı oyun sərgiləyib, qapısından cəmi 1 qol buraxıb. O da «Şerif»lə səfər matçının artırılmış dəqiqəsində, penaltidən. «Kopenhagen»lə oyunu izləyərkən bizim də Avropa səviyyəli komandamızın olması ilə qürur hissi keçirdim.
 

- Rəqib əsasən standart vəziyyətlərdə və cərimə meydançasına asmalarda təhlükəlidir. Bakıda bu həmlələrin qarşısı alındı…

- Səfərdə «Qarabağ»ı asan oyun gözləmir. Çünki rəqib kifayət qədər güclü və təcrübəli komandadır.  Çempionlar Liqasının qrup mərhələsində çıxış etmiş «Kopenhagen» ev oyunlarında daha mübariz olur. Bunu hamı – azarkeşlər, futbolçular, məşqçilər yaxşı dərk edirlər. Əsas odur ki, qazanılan qələbə komandada arxayınlıq yaratmayıb, futbolçular qələbə eyforiyasına qapılmayıblar. Standart vəziyyətlər və asmalara gəlincə, «Kopenhagen» Bakıdakı oyunda bu sarıdan qapımız qarşısında hansısa ciddi təhlükə yaratdı? Yadıma gəlmir. 1-2 epizodu çıxmaq şərtilə bütün hava mübarizələrində topu biz qazandıq. Bu da ondan irəli gəlirdi ki, Qurban Qurbanov rəqibi çox yaxşı analiz etmişdi. İnanıram ki, səfərdəki oyunda da üstün tərəf «Qarabağ» olacaq və qrup mərhələsinə düşməklə adından söz etdirəcək.
 

- «Qarabağ» həm də ölkə çempionatına uğurla başlayıb. Artıq, ölkə birinciliyində 2 tur arxada qalıb. Bu turlardan sonra yenə də «Qarabağ»ın çempionluğa əsas namizəd olduğunu söyləmək mümkündür?

- Çox istərdik ki, çempionatda 8 deyil daha çox komanda olsun. Əsas bu «8-liy»i qoruyub rəqabətli çempionatı saxlamaq lazımdır. İlk iki tur göstərdi ki, bizi qarşıda maraqlı mübarizə gözləyir. Təbii ki, çempionluq yarışında favorit «Qarabağ»dı. Bu komandanın Çempionlar Liqasında və çempionatda sərgilədiyi oyun, oturuşmuş heyəti bunu deməyə əsas verir. Özü də 1 deyil, 2 heyət. Hətta 3 deyərdim. Çünki «Qarabağ»ın bir neçə futbolçusu icarə əsasında digər komandalarda oynayır. «Qəbələ»ni də yaddan çıxarmaq olmaz. Xeyli futbolçu transfer edib və yaxşı heyəti var.  Üstəlik, Avropa Liqasında çıxışını başa vurduqdan sonra diqqətləri daxili çempionata yönəlib.
 

- Bəs, digər 6 komanda?

- Hər biri çempionluq uğrunda olmasa da, Avropa Liqasına vəsiqə verən yerlər uğrunda mübarizə apara bilər. İlk iki turda diqqətləri çəkən əsas məqam «Neftçi», «Kəpəz» və «İnter»in məğlub olmasıdır. Amma unutmayaq ki, çempionatın startı çox vaxt aldadıcı olur. Hələ transfer pəncərəsinin açıq olduğunu da nəzərə alaq. «İnter»i çıxmaq şərtilə digər komandaların avqust bitənə kimi heyətlərini gücləndirmək imkanı var. Azından ilk dövrədən sonra komandalar və onların vəziyyəti haqqında fikir yürütmək daha doğru olar. Bir daha təkrar edirəm, əsas rəqabətli çempionata nail olmaqdır ki, bu da futbolmuz və milli komandamız adına yaxşıdır.
 
 

- Bu mövsüm çempionatda bəzi yeniliklər oldu. Sifariş ərizəsinə 18 deyil, 23 futbolçunun adının salınması, əvəzedicilərin oyunlarının əsas komandadan bir gün sonra keçirilməsi…

- Məşqçilər Komitəsi yaranandan daim təhlillər apararaq tövsiyələrimizi AFFA rəhbərliyinə təqdim etmişik. Şadam ki, həmin tövsiyələrdən bir neçəsi bu mövsümdən tətbiq olunmağa başladı. Onlardan biri sifariş ərizəsinə əvvəlki kimi 18 deyil, 23 futbolçunun adının salınması idi. Bunun bir çox üstün cəhətləri var. Bir qədər açıq izah verim. «18-lik»də ehtiyatda 7 futbolçu olurdu. Qaydalara əsasən onlardan 1-i qapıçı, 1-i 21 yaşına, 1-i isə 19 yaşına kimi futbolçu olmalıydı. Belədə məşqçinin oyunun axarını dəyişmək üçün əlinin altında ehtiyat qüvvə az olurdu. Bəzi hallarda məşqçi məcburiyyət qarşısında lazım olmayan dəyişiklik edirdi. «23-lük»də isə ehtiyat oyunçular skamyası genişlənir və məşqçinin əlinin altında daha çox futbolçu olur ki, belədə manevr etmək imkanları da artır. Bundan başqa adı «18-liy»ə salınmayan futbolçu psixoloji problemlər yaşaya bilərdi. İndi isə elə futbolçular adının sifariş ərizəsinə salınması ilə azından komandaya lazım olduğunu düşünəcək.
 
Digər yenilik əvəzedici komandaların oyunlarının əsas komandanın çıxışından 1 gün sonra keçirilməsidir. Fikir versək, Avropanın əksər ölkələrinin çempionatında bu sistemdən istifadə olunur. Məqsəd əsas komandada oynamaq imkanı qazanmayan futbolçuların oyun praktikasını itirməməsi üçün 1 gün sonra əvəzedici heyətdə oynamasını təmin etməkdir. Bu, həm də əvəzedicilərin birinciliyinin səviyyəsinin qalxmasına və daha maraqlı keçməsinə  nədən olacaq.
 
Tövsiyələrimizdən biri U-19 liqasında UEFA qaydalarına uyğun olaraq ancaq 19 yaşı tamam olmamış futbolçuların oynaması idi. AFFA rəhbərliyi isə bu təklifi bir qədər də təkmilləşdirərək 8+3 sisteminin tətbiq olunması ilə bağlı qərar verdi. Bu mövsümdən etibarən artıq, U-19 liqasında bu sistem işə düşəcək. Yəni, komandaların əsas heyətlərində maksimum 3 futbolçu 1999-cu il təvəllüdlü, qalanları daha aşağı yaşlı futbolçular olacaq. Burada məqsəd nədir? Mövsüm başalayanda 18 yaşlı tamam olmuş futbolçunun mövsüm bitəndə 19 yaşı olur. Bu da çempion komandanın UEFA U-19 Çempionlar Liqasında oynamasına imkan vermir. Hansı ki, bu problemlə bu il «Qarabağ» üzləşdi. Komanda U-19 liqasında çempion adını qazandıqdan sonra məlum oldu ki, heyətin xeyli üzvünün 19 yaşı tamam olub və Çempionlar Liqasında oynaya bilməz. Bu barədə «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovla, eyni zamanda bu klubun U-19 komandasının çalışdırıcısı Rəşad Sadıqovla fikir mübadiləsi aparmışdıq. Onlar da üzləşdikləri durumdan narazı idilər. Söhbət heç də təkcə Çempionlar Liqasından getmir. Məsələ burasındadır ki, çempion olmuş komandadan U-19 yığmasına eyni səbəbdən çox az futbolçu cəlb olunurdu. Artıq, bu mövsümdən tətbiq olunan yeni sistem imkan verəcək ki, çempion olmuş komanda mövsümboyu oturuşmuş heyətlə Çempionlar Liqasında da çıxış edə bilsin.
 
Daha bir tövsiyəmiz I Divizionda iştirak edən komandaların hər birinin əsas heyətində 19 yaşı tamam olmamış azı 1 futbolçunun oynaması ilə bağlıdır. Doğrudur, hələlik bu, qəbul olunmayıb. Amma qəbul olunarsa, futbolumuza ancaq xeyri dəyəcək. Xeyir nədən ibarət ola bilər? Azından U-19 yığmamızın məşqçilərinin seçim imkanı artacaq. Bu gün Premyer Liqanı, əvəzedicilərin çempionatını və U-19 liqasını izləyən məşqçilər korpusu I Divizionda da futbolçu seçimi edə biləcək, heç kim diqqətdən kənarda qalmayacaq. Ümid edirəm ki, gələcəkdə bu tövsiyə keçərli olacaq. Deməliyəm ki, AFFA tərəfindən tətbiq olunan yeniliklərin hamısı futbolumuzun xeyrinə atılmış addımlardır və bəhrəsini yaxın gələcəkdə görəcəyik.
 

- Yığmadan söz düşmüşkən, A millimizi qarşıda Norveçlə çətin səfər oyunu gözləyir…

- Avrokuboklarda təmsilçilərimizin çıxışı göstərdi ki, bu gün Avropada zəif komanda yoxdur. Eyni sözləri yığma komandalar haqqında da demək lazımdır. Bəzi yığmaları çıxmaq şərtilə hər bir komanda istənilən rəqibdən xal almaq imkanına malikdir. San-Marino kimi zəif hesab edilən rəqibə 1 top vurmaqla qalib gəlmək dediyimə sübutdur. Yığmamızın baş məşqçisi Robert Prosineçki hələlik seçimini açıqlamayıb. Bütün hallarda komandamızın Norveç səfərindən sərfəli nəticə ilə qayıtmaq imkanı var. Bakıda bu rəqib üzərində qələbə, Çexiya ilə səfər matçı, məğlub olmağımıza baxmayaraq, Şimali İrlandiya ilə evdəki qarşılaşma komandamızın Osloda da layiqli oyun nümayiş etdirəcəyini və evə sərfəli nəticə ilə dönəcəyini deməyə əsas verir. San-Marino ilə matçda isə xal itirməyə haqqımız çatmır. Bu iki oyunda qazanılan ən azı 4 xal yığmamıza qrupda 3-cü yer uğrunda mübarizədən düşməməyə imkan verəcək. Bu, həm də Almaniya ilə çətin səfər öncəsi və Çexiya ilə vacib oyunda futbolçularda ruh yüksəkliyinin artması üçün lazımdır. Prosineçkini yaxşı tanıyıram. Nə etdiyini yaxşı bilən məşqçidir. Ona güvənirik və komandamızın bu iki oyunda lazım olar xalları qazanacağına da inamımız böyükdür.
 
 

- Əsas millidən savayı U-21, U-19 və U-17 yığmalarımızı da qarşıda vacib oyunlar gözləyir. Yay aylarında Məşqçilər Komitəsi üzvlərinin adıçəkilən komandaların təlim-məşq toplanışlarını, yoxlama oyunlarını izlədiyindən xəbərimiz var. Bu yaş qruplarından uğur gözləməyə dəyərmi?

- U-19 yığmamızın bir neçə gün əvvəl başa çatmış təlim-məşq toplanışında komandanın yanında idik, məşq prosesini, yoxlama oyunlarını izlədik, baş məşqçi Təbriz Həsənovla fikir mübadiləsi apardıq.
 
U-17 komandasının Qaxda təşkil olunmuş təlim-məşq toplanışını, yoxlama oyunlarını isə Məşqçilər Komitəsinin üzvü Şakir Qəribov izləmişdi və toplanışla bağlı komitəyə hesabat verib. Həmin hesabatdan sonra belə qənaətə gəlmək olar ki, bizim potensiallı gənclərimiz var, əsas yığmaya ehtiyat qüvvə yetişir və gələcəkdə hər biri milli komandandanın şərəfini qoruya bilər.
 
Hər iki komandanın hazırlıq durumundan razıyıq. Təbriz Həsənov və Mirbağır İsayevin rəhbəri olduqları millilərin gələcək hazırlıq proqramı ilə tanışıq. AFFA rəhbərliyinin hər iki komanda üçün yaratdığı şərait onların yaxşı hazırlıq keçməsinə nədən olub və hər iki komandamızın mərhələ adlamaq üçün yetərincə gücü var.
 
O ki qaldı U-21 yığmamıza, komandanın baş məşqçisi Yaşar Vahabzadə ilə tez-tez görüşür, fikir mübadiləsi aparırıq. Heyət baxımından geniş siyahı hazırlayıb. Siyahıda 1996-97-ci il təvəllüdlü ən istedadlı futbolçularımız yer alıb. İlk rəqib İsrail yığmasıdır. Kifayət qədər güclü, hazırlıqlı komandadır. Komandamızın çətin səfər oyunundan, həmçinin, sentyabrın 5-də İrlandiya ilə qarşılaşmadan üzüağ çıxacağına əminik. Yeganə problem ondadır ki, bu yaş qrupunda futbolçular çempionatda öz komandalarının əsas heyətlərində yeni-yeni oynamağa başlayıblar. Bu da Yaşar Vahabzadəyə imkan verməyib ki, futbolçuları bir yerə toplasın. Buna baxmayaraq, komandanın məşqçilər korpusu ilə yanaşı Məşqçilər Komitəsinin üzvləri də adı siyahıda olan futbolçuları nəzarətdə saxlayır, onların çempionatda və əvəzedicilərin birinciliyindəki oyunlarını izləyir və lazımi tövsiyələrini U-21-in məşqçilərinə verirlər.
 

- Yaxınlarda sizi aşağı yaşlı komandaların yoxlama oyununda da gördük…

- Məşqçilər Komitəsi təkcə yığma komandaları deyil, daha aşağı yaşlı futbolçuların oynadıqları liqaların oyunlarını, həmin komandaların məşq prosesini də izləməyə çalışır. Futbol 17 yaşdan başlamır ki? Komitənin hər bir üzvü mütəmadi olaraq klublarımızın futbol akademiyalarındakı məşq proseslərini, komandaların oyunları izləyir və müəyyən nəticələr çıxararaq akademiya rəhbərlərinə, məşqçilərə tövsiyələrini verir. Məsələn, bir neçə gün əvvəl «İnter»in futbol akademiyasında balacaların məşq prosesini və oyununu izlədik. Xeyli istedadlı uşaq var. Futbolumuzun gələcəyi həmin uşaqlar olacaq. Koordinator Rövşən Babayevlə akademiya barədə söhbətimiz oldu. «İnter»in futbol məktəbində görülən işlər, planlar haqqında məlumat verdi. Bundan başqa «Vətən»in U-10 komandasının iyunda Avstriyada keçirilmiş turnirdə iştirakı ilə bağlı məktəbin rəhbərliyi və məşqçi heyəti ilə görüşümüz oldu, fikir mübadiləsi aparıldı. Məşqçilər Komitəsi olaraq hər bir yaş qrupunu nəzarətdə saxlamağa çalışırıq. Unutmayaq ki, bu gün futbola yenicə qədəm qoyan uşaqlar bir neçə il sonra millimizin şərəfini qoruyacaqlar.
 

Söhbətləşdi: İlkin BABA


Digər xəbərlər

Xəbər xətti