Solbakken: “Qarabağ”ı favorit sayıram" - AÇIQLAMA

13:52 22 Avqust 2017

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”ı qəbul edəcək “Kopenhagen”in baş məşqçisi Stole Solbakken klubun saytına matçla bağlı fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, norveçli mütəxəssis ilk oyundan sonra Ağdam təmsilçisinin favorit olduğunu deyib:

 

“0:1 hesablı məğlubiyyətin əvəzini çıxmaq mümkündü. “Vardar”la oyunda biz bunu bacardıq. Ancaq avrokuboklarda bu hesablı qələbə də yaxşı üstünlükdü. Bu baxımdan “Qarabağ”ı favorit sayıram.

 

Çempionatın son matçında ilk hissədə yaxşı oyun sərgilədik. Bu, bizim yeni mövsümdə ən yaxşı oyunumuz idi. Daha sonra isə hesabda geri olmağımıza baxamayaraq, qarşılaşmada dönüş edə bildik. Bununla futbolçularım komandada əhval-ruhiyyənin yerində olduğunu göstərdilər. Lakin çərşənbə günü tam fərqli oyun olacaq.

 

İlk matçın son yarım saatında rəqib bizdən üstün idi. Ancaq cavab qarşılaşmasını evdə oynayacağıq. Fikrimcə, doğma azarkeşlərin dəstəyilə biz səfərdəkindən daha yaxşı oyun sərgiləyəcəyik”.

 

Xatırladaq ki, “Qarabağ”la “Kopenhagen” arasında Bakıda baş tutmuş ilk matç təmsilçimizin minimal hesablı qələbəsiylə nəticələnib. Bu komandalar arasında cavab oyunu sabah saat 22:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti