"16 illik zəhmətimizin nəticəsində Çempionlar Liqasında ölkə bayrağımızı dalğalandırmaq möhtəşəm qürurdur. Hədəfimizi düzgün qoyduq. Aşağı yaş qrupları da daxil olmaqla peşəkar klub yaratmağı hədəfləmişdik".
Sportaren.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl "Anadolu" agentliyinə açıqlamasında deyib. O, ilk vaxtlar istədikləri kimi baş məşqçi tapa bilmədiklərini bildirib:
"Qarabağ"ın uğuru Qurban Qurbanovla hədəfi ilə bizim hədəfimizin üst-üstə düşməsi ilə başladı. Hədəflərimizi daha da böyüdə biləcəyimizi hiss etdik. Qurbanov yaxşı komanda yaratdı və bunun bəhrəsini görürük. İnşallah, uzun illər bu yolda uğurla davam edəcəyimizə inanıram".
"Qarabağ"ın Ermənistanın işğalı altında olduğu Ağdamın komandası olduğunu xatırladan T.Gözəl deyib:
"İşğal altındakı torpaqların adının Avropada keçməsi, Azərbaycan torpaqlarının bütövlüyünün gündəmə gətirilməsi bizim üçün önəmli hədəf idi. Biz "Qarabağ"ın məsuliyyətini öz üzərimizə götürəndə bu düşüncə ilə hərəkət etdik".
Klub rəsmisi Türkiyədən də çoxlu sayda təbrik mesajları aldığını söyləyib:
"Qarabağ"ın Türkiyədə nə qədər sevildiyini bilirik. Bizim gözəl xəbərlərə ehtiyacımız var. Bu gün Türkiyənin "Beşiktaş" klubu ilə birgə Avropada mübarizə aparacağıq. Bu möhtəşəm hisdir. Bu uğur bütün türk dünyasınındır. Türkiyə və Azərbaycanı sevənlərə böyük hədiyyədir. Bu məsuliyyətlə qarşıdakı matçlarda ən gözəl oyunlarımızı sərgiləməyi arzulayırıq".