Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsindəki ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda yox, Bakı Olimpiya Stadionunda (BOS) keçirməyə qərar verdiyii və bununla bağlı UEFA-ya müraciət ünvanladığını məlumat vermişdik.
Sportarena.az xəbər verir ki, artıq qitə futbol qurumu sözügedən məsələ ilə bağlı qərarını açıqlayıb. Belə ki, UEFA Ağdam klubunun sorğusunu müsbət cavablandırıb. Yəni çempionumuz qitənin ən nüfuzlu klub turnirindəki ev oyunlarını BOS-da keçirəcək!
Qeyd edək ki, BOS-un azarkeş tutumu 68 min 500 nəfərdi. “Qarabağ”ın indiyə qədər ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionu isə 31 200 azarkeş tutumuna malikdi. Ağdam klubu da məhz bütün azarkeşlərinin bu tarixi oyunları izləməsinə şərait yaratmaq məqsədilə arenasını dəyişməyə qərar verib.
Artıq bu barədə Ağdam klubunun mətbuat xidməti də rəsmi məlumat yayıb. Açıqlamada bunlar qeyd olunub:
"Qarabağ" ÇL-in qrup mərhələsinə yüksəlməklə bir ilkə imza atdı. Hələ bu turnirin pley-off mərhələsinin Bakıda keçirilmiş oyununda stadionu tam dolduran "Qarabağ" azarkeşləri kluba olan sevgisini və inamını nümayiş etdirib. Bu uğurlu çıxışdan sonra oyuna gəlmək istəyən azarkeşlərin çoxluğunu nəzərə alan komandamız ev oyunlarını daha çox azarkeş tutumuna malik olan stadionda - Bakı Olimpiya Stadionunda (68 500 yerlik) keçirməklə bağlı UEFA-ya müraciət edib. Bu gün UEFA tərəfindən "Qarabağ"ın sorğusuna cavab gəlib. Qitənin ali futbol qurumu komandamızın bu müraciətini təsdiqləyib".
Sonda onu da bildirək ki, “Qarabağ”ın UEFA Çempionlar Liqasının finalını da qəbul etməyə namizəd olan arenada ilk matçı sentyabrın 27-də baş tutacaq. Qurban Qurbanovun yetirmələri həmin gün İtaliyanın “Roma” klubu ilə üz-üzə gələcəklər. Matç saat 20:00-da start götürəcək. Oktyabrın 18-də “Atletiko” (Madrid, İspaniya) və noyabrın 22-də “Çelsi” (İngiltərə) ilə görüşlər də ölkənin ən böyük stadionunda baş tutacaq.