Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marino ilə oyundan sonra (5:1) jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az sizi həmin açıqlamalarla tanış edir:
- Bu gün də millidə qol hesabını aça bilmədin. Nə çatışmır? Ustalıq, yoxsa...?
- Bilmirəm. Ola bilər ki, ustalıq səviyyəm çatmır. Daha çox çalışmaq lazımdı. Mütləq qol vurmalıyam və buna cəhdlər edirəm.
- “Qarabağ”a keçid öz qərarın idi, yoxsa valideynlərin belə istədilər?
- Öz qərarım idi, məsləhətləşdim, bunu seçdim. “Qarabağ”da oynamaq millidə daimi çıxış etmək üçün də çox yararlı olacaq.
- Əsas heyətdən kənarda qalmaqdan qorxmursan?
- Asan olmayacaq, ancaq özümü sübut etməliyəm. Bunu bacarsam, heyətə də düşəcəm.
- Keçidində “Qarabağ”ın Çempionlar Liqasında oynamağının təsiri oldumu?
- Əlbəttə, əsas səbəb elə bu oldu. Oynamasa da, düşünərdim, ancaq bu, əsas amildi.
- Prosineçki oyundan sonra nə dedi sizə?
- Hər kəsi təbrik etdi. Mənə dedi ki, ruhdan düşmə, belə davam et.