DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marino ilə qarşılaşma Azərbaycan millisində iki debütlə əlamətdar olub.
Sportarena.az xəbər verir ki, start heyətdə meydana çıxan Təmkin Xəlilzadə və ikinci hissədə “döyüş”ə atılan Renat Dadaşov ilk dəfə millimizin formasını geyinib. “Zirə”nin gənc futbolçusu yığmamızın tarixinə 222-ci debütant kimi düşüb. Belə ki, bunadək 231 rəsmi matç keçirən millimizin oyunlarında 221 futbolçumuz meydana çıxmışdı. Almaniyanın “Ayntraxt” klubunda çıxış edən Renat isə yığmamızın tarixinə 223-cü futbolçu kimi düşüb.
Qeyd edək ki, Təmkinlə Renat üçün millimizdəki debüt matçı uğurlu alınıb. Komandamız bu oyunda San Marinoya 5:1 hesabıyla qalib gəlib.