Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində baş tutacaq “Çelsi” - “Qarabağ” oyununun yunanıstanlı referi Tasos Sidiropulosa həvalə edildiyi barədə məlumat vermişdik.
Sportarena.az xəbər verir ki, 38 yaşlı FİFA referisi Ağdam təmsilçisinə tanış hakimdi. Belə ki, Sidiropulos Avropa Liqasının 2015/16 mövsümünün qrup mərhələsinin “Qarabağ” - “Tottenhem” matçında ədaləti qorumuşdu. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş və ingilislərin minimal hesablı qələbəsiylə nəticələnmiş matçda yunanıstanlı referi iki dəfə əlini cibinə atmışdı. Hər iki halda “Qarabağ”ı cəzalandıran Sidiropulos, “köhlən atlar”ın yarımmüdafiəçiləri Riçard Almeyda və Qara Qarayevə sarı vərəqə göstərmişdi.
Londonda Sidiropulosa kömək edəcək Polikronis Kostaras, Lazaros Dimitriadis və Damianos Eftimiadis iki il öncə Bakıda baş tutmuş oyunun da hakimlər briqadasında yer almışdılar. “Tottenhem”lə oyunda dördüncü hakim olan Dimitriadis bu dəfə yan xətt hakimi kimi xidmət edəcək. İki il öncə baş tutmuş matçda laysman funsiyasını yerinə yetirmiş Eftimiadis bu dəfə dördüncü hakim, Kostaras isə Bakıdakı oyunda olduğu kimi yan xətt hakimi olacaq.
Qeyd edək ki, “Çelsi” - “Qarabağ” oyunu sentyabrın 12-də, Bakı vaxtıyla saat 22:45-də başlayacaq.