“Çelsi”nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”la keçirilən oyundan (6:0) sonra fikirlərini bildirib.
Sportarena.az xəbər verir ki, Konte futbolçularından razı qaldığını deyib. O, komandasının qarşılaşmaya əla kökləndiyini vurğulayıb:
“Hesab edirəm ki, əla nəticəyə nail olduq. Çempionlar Liqasında yolumuza düzgün başladıq. Yetirmələrimin ifasında yaxşı oyun gördüm. Uşaqlar qarşılaşmaya əla köklənmişdilər. İlk dəqiqələrdən son dəqiqəyə qədər məsuliyyət hissini azaltmadılar. Belə qarşılaşmalar hər zaman təhlükəli olur. Ona görə də ehtiyatlı olmaq vacib idi. Sevinirəm ki, futbolçularım əla çıxış etdilər".