Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin “Report”a müsahibə verib.
Sportarena.az sizi həmin müsahibə ilə tanış edir:
- AFFA və PFL-in birgə komissiyası Birinci Divizionda çıxış etmək istəyən klublardan yalnız onuna müsbət cavab verdi. Ötən mövsüm bu liqada mübarizə aparan “Göyəzən”, “Energetik”, “Şahdağ” və “Bakılı” klublarının kənarda qalması nə ilə əlaqədardı?
- Bununla bağlı AFFA və PFL-in saytında rəsmi məlumat yerləşdirilib. Təqdim olunan sənədlər, peşəkarlıq, şərait və ötən mövsüm UEFA-dan danışılımış oyunlarla bağlı daxil olan məlumatlar və digər məqamları nəzərə alınaraq bu addım atılıb. Yəni, komandaların yarışa buraxılmamasının səbəbləri müxtəlifdi. Kimin adı oyun alqı-satqısında hallanır, kimin bazası, şəraiti yoxdu, kimi də futbolçulara maaş verə bilmir, kimi tam sənədləri təqdim edə bilmir. Bütün bunlar məlum qərarı şərtləndirib. Ümumən deyə bilərik ki, bu komandalar indiki vəziyyətdə Birinci Divizionda yarışmağa qadir deyillər. Bu qərar Ramin Musayev, Elxan Məmmədovun deyil, ümumi komissiyanın qərarıdı və buna hörmətlə yanaşmaq lazımdı.
- Yeni klublardan niyə yalnız “Vətən”, “Binə” və “Xəzər” qəbul olundu?
- Əslində, ilk sualda buna cavab verdim. Hər üç klub tələb olunan şərtlərə cavab verdiklərinə görə yarışa buraxılıb.
- “Göyçə”nin Birinci Divizionda olacağını demişdiniz. Niyə alınmadı?
- Mən oynayacağını deməmişdim. Sadəcə, belə bir klubun yaradıldığını və iştirak üçün müraciət etdiyini demişdim. Müsahibələrdə qeyd etmişdim ki, iştirak üçün müraciət edən komandaların sayı çoxdu. Onların iştirak edib-etməyəcəyinə isə araşdırmalardan sonra qərar veriləcəkdi. “Göyçə”nin iştirakının niyə alınmadığı AFFA və PFL-in birgə komissiyasının açıqlamasında öz əksini tapıb.
- Birinci Divizondan kənarda qalan klublar Regionlar Liqasında çıxış etməkdə maraqlıdılar?
- Bu, biz tərəfdən olan bir təklifdir. Sözsüz, Qazax, Mingəçevir, Qusar, Yevlax kimi şəhərlərin kənarda qalması bizim üçün də ağırdı. Yevlaxda, Mingəçevirdə yaxşı infrastruktur var. Qusar futbolunda hər zaman yaxşı oyunçular yetişib, stadiona azarkeşlər gəlib. Biz bunları çox gözəl bilirik. Amma bəzi reallıqlar var ki, onları da nəzərə almaq lazımdı və qaydalar əsasdı. Regional Liqanın yaradılması isə bir təklifdi və düşünürəm ki, gözəl təklifdi. Bu liqa eyni zamanda gələcəkdə Azərbaycanda 2-ci liqanın yaradılması üçün təkan ola bilər.