Məşhur rus şərhçisi Vasili Utkin “Neftçi”nin veteran futbolçusu Kazbek Tuayevin fikirlərinə münasibət bildirib.
Sportarena.az xəbər verir ki, Tuayev “Çelsi” ilə oyundan sonra “Qarabağ”ın Çempionlar Liqası səviyyəsində komanda olmamasına dair başqa bir rus şərhçinin dediklərini tənqid edib.
Utkin “Sport FM” radiosunun efirində Tuayevin fikirlərinə münasibət açıqlayarkən azərbaycanlı idman teleşərhçilərini də tənqidi fikirlər səsləndirib:
“Onlar (azərbaycanlılar – red.) həmişə nədənsə narazıdırlar. Bilirəm ki, mənim tvitlərim Azərbaycan KİV-lərində işıqlandırılır. Onlar emosionaldırlar. Nə etmək olar. Onlar məsələn, mənim “Ararat”la bağlı tvitlərimi paylasmışdılar. Hər yerin özünün özəllikləri var. Bunları mühakimə edə bilmərik. Siz hansısa üzdə olan azərbaycanlı şərhçi tanıyırsınız ki, onların fikirlərinə Azərbaycandan kənarda önəm versinlər. Elələri sadəcə yoxdur. Onları fikirləri nəinki Azərbaycandan kənarda, heç ölkənin özündə də maraqlı deyil”.
İttihamlarını davam etdirən Vasili Utkin kinayə ilə bildirib:
“Qarabağ”ın oyunundan sonra biz bildik ki, demə, elə də işləyə bilmirik. Orada isə bütün şərhçilər hər zaman yaxşı işləməyə cəhd edirlər. Ona görə də orada yaşayan insanlar, qoy elə Azərbaycan kanallarına baxsınlar. Mən eşitdim ki, orada idmanın inkişafı ilə bağlı istiqaməti dəyişmək istəyirlər. Ümid edirəm, yaxşı inkişaf etdiriblər. Niyə onlar başqa ölkələrin kanallarına baxırlar? Bəlkə onlara heç Birinci kanalın da verilişləri xoş gəlmir. Kim bilir? Baxmasınlar. Heç kim onlara bunu məcbur etmir”.
Utkin bildirib ki, Azərbaycan futbolunun rəsmi nümayəndəsinin (Kazbek Tuayev nəzərdə tutulur – red.) Rusiya kanallarında nəyisə şərh etməsi yaxşı hal deyil. “Bu, axmaq tondur” deyə sözlərini tamamlayıb.