Elxan Məmmədov AS-ın xəbərini təkzib etdi - "Qərar olmadan fikir bildirmək düzgün deyil”

16:23 19 Sentyabr 2017

2019-cu ildə Çempionlar Liqasının və Avropa Liqasının turnirlərin final oyunlarının Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı AFFA-nın UEFA-ya müraciəti ilə bağlı qərar UEFA İcraiyyə Komitəsinin sabah keçiriləcək iclasında qəbul olunacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov qurumun saytına açıqlama verib. Bildirib ki, prosedur qaydalara uyğun olaraq, AFFA tərəfindən bütün tender sənədləri lazımı qaydada hazırlanaraq, UEFA-ya təqdim olunub:

 

"Sentyabrın 5-də isə AFFA-nın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə UEFA-nın mənzil qərargahında Bakı şəhərinin final oyunlarına namizədliyi ilə bağlı hazırlanmış xüsusi prezentasiya təqdim olunub.
 
Bu gün isə UEFA-da Yuksək İdarə Heyətinin iclası keçirilir. Görüşdə AFFA prezidenti Rövnəq Abdullayev və vitse-prezident Elşad Nəsirovla birlikdə iştirak edirik. Sabah isə UEFA-nın Cenevrə şəhərində İcraiyyə Komitəsinin növbədənkənar iclası keçiriləcək və qeyd olunan turnirlərin final oyunlarını təşkil edəcək ölkələrin adları açıqlanacaq".

 

Məmmədov Olimpiya stadionunun ÇL-in finalına ev sahibliyi edəcəyi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib:

 

"Bəzi KİV-də qərarla bağlı müxtəlif məlumatlar yazılır. Qeyd etmək istərdik ki, İcraiyyə Komitəsinin qərarı olmadan bu barədə hər hansı fikir bildirmək düzgün deyil”.

 

Qeyd edək ki, İspaniyanın AS nəşri Bakı Olimpiya Stadionun 2018/19 mösümündə ÇL-in finalına ev sahiblik edəcəyi barədə xəbər dərc etmişdi.


Digər xəbərlər

Xəbər xətti