Millimizin sabiq üzvü danışılmış oyunun iştirakçısı olub

11:17 24 Sentyabr 2017

Türkiyə futbolunda daha bir danışılmış oyun üzə çıxıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Məlumatda qeyd edilir ki, ötən mövsüm TFF 1-ci liqa çərçivəsində baş tutan “Manisaspor” – “Şanlıurfaspor” matçında nəticəyə kənar təsirlər olub. Belə ki, “Qazişehir Qaziantep” klubu bu oyunun nəticəsinə təsir etməyə təşəbbüs göstərib. Bununla əlaqədar sözügedən klubun rəhbəri Nizamettin Keremoğlu, “Qazişehir Qaziantep”in futbolçusu Elyasa Süme, “Manisaspor”un futbolçusu İsmail Haktan Odabaşı və “Karagümrük”ün oyunçusu Gökhan Sazdağı TFF İntizam Komitəsi tərəfindən aparılacaq araşdırmaya cəlb olunub.

 

Qeyd edək ki, 14.05.2017-ci il tarixində keçirilmiş “Manisaspor” – “Şanlıurfaspor” oyununda meydan sahibləri 2:0 hesabıyla qalib gəliblər. Geridə qalan mövsümdə manisalılar 39 xalla 12-ci yeri tutub. “Şanlıurfaspor” isə 36 xalla 16-cı yeri tutaraq aşağı liqaya yuvarlanıb.

 

Maraq üçün onu da vurğulayaq ki, hazırda “Samsunspor”da forma geyinən yığmamızın sabiq müdafiəçisi Ufuk Budak da geridə qalan mövsümdə “Manisaspor”da oynayırdı. O, hətta sözügedən oyunda start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.


Digər xəbərlər

Xəbər xətti