Ramin Musayev: "Yeni mövsümdən Premyer Liqada 12 komanda iştirak edəcək"

16:21 25 Sentyabr 2017

Bu gün Azərbaycan çempionatının I divizionun püşkatma mərasimi keçirilib.

 

Sportarena.az xəbər verir ki, 2017/18 mövsümünün püşkü atıldıqdan sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev jurnalistlərin suallarını cavablandırıb:

 

“Bu il 10 komanda 3 dövrədən ibarət çempionatda yarışacaq. Reqlamentə görə 1-ci dövrədəki püşkdəki qarşılaşmalar 3-cü dövrədə də təkrarlanacaq. Limitə bağlı onu deyə bilərə ki, 6 yerli, 2 legioner, 3 nəfər isə 21 yaşa kimi futbolçu çıxış edə bilər.

 

Ötən il UEFA-dan məktublar aldıq. Bütün komandaların adı oyun-alqı satqısında hallanmışdı. Amma bu il elə olmayacaq. Hər oyuna nümayəndəmiz göndəriləcək. Danışıqların olduğu bəlli olsa, komandalar cəzalanacaq və oyunun nəticəsi ləğv ediləcək. Milli Məclisdə qərar qəbul edilib. Həmin klub rəhbərləri cinayət məsuliyyəti daşıyacaq və həbs ediləcəklər. Əgər bir də ölkənin adı UEFA-da oyun-alqı satqısına düşsə, 1 komandamız avrokuboklardan uzaqlaşdırıla bilər. Bu isə hamımız üçün ləkədi. Ona görə də diqqətli olun. Hüquq-mühafizə orqanları ilə danışıqlarımız olub. İlk məsuliyyəti klub rəhbəri daşıyacaq”.

 

- Oyun alqı-satqısında ən çox adı hallanan “Bakılı”nın çempionatdan uzaqlaşdırılması PFL-in qələbəsidir. Buna necə nail oldunuz?

- “Bakılı” klubunun prezidenti Misir Əbilov müracət edib, divizionda iştirak etmək istəyib. Səbəb kimi ölkə xaricində daha çox olacağını bildirib. Dedi ki, özüm burada olmayacağamsa, çempionata da komanda buraxmaq istəmirəm.

 

- Bu gülməli səbəbdir axı… Bəlkə, əsas səbəb klubun adının daha çox oyun alqı-satqısında hallanmasına görədir?

- Hər halda Misir müəllim səbəbini belə izah etdi. Dedi ki, növbəti mövsümdə çempionatda iştirak etmək istəyərəm.

 

- İranda əsgərlikdən yayınanlar divizion klublarına sığınırlar. Bu cür halların qarşısını necə almaq olar?

- İranlıların Azərbaycanda oynayıb qayıtması onlara legioner statusu qazandırır. Hər yerdən legioner futbolçu gələ bilər, amma iranlı olmaz? Bu İranla aramızda münaqişəyə səbəb ola bilər.

 

- Regionel Liqa ilə bağlı məsələ nə yerdədir?

- Demişəm ki, orada çıxış edəcək klublarda maraq yaransın deyə 30-40 min manat mükafat ayrılsın. Elxan Məmmədovla bu haqda danışdıq, o da təkliflə razılaşdı.

 

- Hər mövsüm divizion klublarının Premyer Liqaya yüksəlməsi ilə bağlı problemlər ortaya çıxır. Bəs, bu dəfə necə olacaq?

- Növbəti ildə elitaya 4 klub çıxacaq və Premyer Liqada 12 komanda iştirak edəcək. Nəticədən və imkanından asılı olaraq komandalar Premyer Liqada iştirak edə biləcəklər. (Yeniçağ)


Digər xəbərlər

Xəbər xətti