“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Çempionlar Liqasının qrup mərhələsinin “Roma” ilə oyunundan sonra jurnalistlərə qısa açıqlama verib.
Sportarena.az xəbər verir ki, klub rəsmisi 1:2 hesablı məğlubiyyəti belə şərh edib:
- Oyun haqqında nə deyə bilərsiz?
- Hava soyuq olsa da, arenada möhtəşəm bir enerji var idi. 55 mindən çox azarkeş izləyirdi. Təəsüf ki, ilk dəqiqələrdə buraxdığımız səhvlər bizə baha başa gəldi. Rəqib də nəhəng komandadı. Səhvlərimizi bağışlamadı. Düşünürəm ki, biz qol vurduqdan sonra oyun tam dəyişdi. Bu gün mübarizə aparan, döyüşən, qeyrətli bir komanda gördüm meydanda. Klubu güclü edən onun ruhudu. Bizi təkcə 55 min azarkeş deyil, televiziyada, internetdə milyonlarla adam izləyirdi. Bura Çempionlar Liqası, “giqantlar”ın meydanıdı. Avropa Liqası da deyil. Təəssüflər ki, alınmadı, ancaq biz buranı qürur hissi ilə tərk edirik.
- Ümumi nəticə faciəvi olmadı, ancaq matçın əvvəlində – 0:2-dən sonra ilk oyundakı nəticənin təkrarlanacağı qorxusu yarandımı sizdə?
- Mənim yeganə narahatlığım o idi ki, görüm komandadakı o ab-hava pozulacaqmı. Gözüm “Qarabağ”da idi ki, görüm reaksiya necə olacaq? Gördüm ki, komandam oyun nizamından əl çəkmədi. Hiss elədim ki, “Qarabağ” bu oyunu buraxmayacaq. Sizə bir şey deyim, burda oynamaqla, xaricdə oynamağın çox fərqi var. Evdə oynamaq çox böyük üstünlükdü.