Futzal üzrə Azərbaycan millisinin hücumçusu Tyaqo Teles Martins AFF-nın rəsmi “facebook” səhifəsinə müsahibə verib.
Sportarena.az həmin müsahibəni təqdim edir:
- Avropa çempionatının final mərhələsinin püşkü atıldı. Millimizin yer aldığı qrupu necə dəyərləndirirsiz?
- Əlbəttə, çətin qrupa düşmüşük. İspaniya dəfələrlə dünya və Avropa çempionu olub, bu gün də ən güclü millilərdəndir. Fransanın hazırkı nəsil oyunçuları isə böyük işlər görür. Xorvatiya kimi favorit hesab edilən komandanı play-offda mübarizədən kənarlaşdırdılar. Bizim komanda da hazırlaşır. Hər gün məşqlər edirik, gündən-günə artırdığımızı düşünürəm.
- Növbəti mərhələyə yüksəlmək baxımından yığmamızın şansını necə qiymətləndirirsiz?
- İndidən bir söz demək çətindi. Hər şey meydanda aydınlaşacaq. Ancaq komanda yoldaşlarıma inanıram, onların nəyə qədər olduqlarını bilirəm. Xeyli vaxtdı bir komandada çıxış edirik, üstəlik, köhnə-yeni baş məşqçimiz Alesio çox güclü mütəxəssisdi. Rəqiblərə hörmətlə yanaşırıq. Təbii ki, bu gün İspaniya qrupun faviritidi, amma biz bütün rəqiblərimizə qarşı sona qədər mübarizə aparacağıq.
- İlk mərhələdən mübarizəyə başlayan Fransa millisinə aşkar autsayder kimi yanaşmaq nə dərəcədə düzgündü?
- Qətiyyən bu cür düşünmək olmaz. Fransa yaxşı təşkilatlanmış komandadı və onların keçdiyi yola nəzər salmaq güclərinə bələd olmaq üçün kifayətdi. İldən-ilə daxili çempionatları güclənir. Nəticədə milli komandaları inkişaf edir. Ona görə də, heç bir rəqibə autsayder kimi yanaşmaq olmaz.
- İspaniya ilə ötən il Kolumbiyada keçirilən dünya çempionatının qrup mərhələsində də qarşılaşmısız. Bu dəfə həmin yenilginin revanşını almaq mümkün olacaqmı?
- Çempionatları bir-birinə qarışdırmaq olmaz. Hər bir oyunun, yarışın öz xarakteri, təyinatı var. Atmosfer fərqli olur. Revanşa gəldikdə, biz İspaniya ilə oyunun favoriti deyilik. Onların əzəmətli tarixi, titulları var. Ancaq şansımız da yox deyil və bunu reallaşdırmağa çalışacağıq.
- Sloveniyadan medalla qayıdacağınıza inam varmı?
- İlk növbədə hər bir oyuna və rəqibə hörmətlə yanaşmalıyıq. İlk işimiz qrup mərhələsindən 1/4 finala yüksəlməkdi. Bunu etdikdən sonra növbəti addımlar haqda düşünməli, düşündükcə də psixoloji olaraq buna hazırlaşmalıyıq.