Prosineçki: "İnkişaf etmək istəyirəmsə, irəli getməliyəm"

18:16 30 Sentyabr 2017

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki gələcək karyerası ilə bağlı fikirlərini bölüşüb.
 
Sportarena.az xəbər verir ki,, xorvatiyalı mütəxəssis "Telesport"a açıqlamasında daha böyük nailiyyətlər əldə etmək istədiyini bildirib. O deyib:
 
"Baş məşqçi kimi inkişaf etmək istəyirəmsə, irəli getməliyəm. Bu səbəbdən, ürəyimin səsinə qulaq asmalı olacağam. Hesab edirəm ki, daha böyük nailiyyətlər üçün potensialım və biliyim var".
 
Əcnəbi baş məşqçi bildirib ki, Azərbaycanda istedadlı oyunçuların sayı çox deyil:
 
"İstərdim ki, məni düzgün anlasınlar. Burada çoxlu futbol məktəbi var. Biri də "Mançester Yunayted"ə məxsusdur. Orada gənc və istedadlı oyunçular var. Lakin Avropanın orta səviyyəli liqalarında belə oynaya bilməzlər. Millinin futbolçuları yerli klublarda çıxış edirlər, yaxşı oyunçulardır. Amma onların böyük işlər görmələri və ciddi rəqabət aparmaları çətindir".
 
Prosineçki yığmada baş məşqçi işinin klubdakından fərqləndiyini söyləyib. Təcrübəli mütəxəssisin fikrincə, bunlar fərqli şeylərdir:
 
"Yığmada oyunçularla çalışmaq üçün 5-6 gün vaxtın olur. Qısa müddətdə onlar məşq edir və nə isə etməyə çalışırlar. Klublarındakı oyundan sonra bir gün istirahət edirlər. Qalan iki günlük hazırlıq müddətində onlarla bərpa məşqlərindən başqa heç nə edə bilmirsən. Biz seçimi necə etməli olduğumuzu bilməli, ən yaxşıları seçməli, sonra isə 20 oyunçunu elə kökləməliyik ki, öz mövqelərindən maksimum yararlansınlar. Bununla yanaşı, onlara lazımi ab-havanı da yaratmalıyıq. Bütün bunlar asan deyil".
 
 
Bununla yanaşı, baş məşqçi klubda çalışmağın yığmadakından 10 dəfə çətin tərəflərini də sadalayıb:
 
"Klubda hər gün eyni oyunçularla olursunuz, oynayırsınız, udub-uduzursunuz, analiz edirsiniz, səhvlərdən nəticə çıxarırsınız. Üstəlik, baş məşqçi ilboyu çətir, ictimaiyyət, KİV və rəhbərliyin təzyiqləri altında olur. Əlbəttə, hamı da baş məşqçi işini ondan yaxşı bilir".
 
 
Prosineçki baş məşqçi işinin incəliklərinə də toxunub:
 
"Baş məşqçi sərt olmamalıdır. Lakin eyni zamanda oyunçulara da təslim olmaq yolverilməzdir. Sadəcə, futbolçuları xoşbəxt etməyi bacarmalısan. Hesab edirəm ki, baş məşqçi kimi oyunçular, rəhbərlik, KİV və azarkeşlər arasında balans yarada bilmişəm. Aydın məsələdir ki, dəstəyiniz yoxdursa, bu, sizdə alınmayacaq. Məsələn, ən yaxşı oyunçunu heyətdən kənarda saxlasanız, azarkeşlərin və mətbuatın qəzəbinə tuş gələcəksiniz. Bu səbəbdən, məşqçilər hamı ilə dost və mehriban münasibət qurmalıdırlar. Baş məşqçinin hər zaman sevimli oyunçusu olur. Amma oyunçu əl-qolla danışanda hər şeyə son qoyulur. Bax, buna görə məşqçi işi maraqlı, amma çətindir. Çünki hamının diqqət mərkəzində olursan. Lakin bu, mənim çox xoşuma gəlir".
 
48 yaşlı mütəxəssis Bakı həyatından razılıq ifadə edib. Onun fikrincə, Azərbaycan paytaxtı fenomenal şəhər, yaşamaq üçün inanılmaz dərəcədə gözəl şəhərdir:
 
"İnsanlar düşünürlər ki, bura ekzotik, uzaq və əcaib şəhərdir. Amma bura əsl Avropa meqapolisidir. Bakı inanılmaz sürətlə inkişaf edir. Burada Zaqreb və digər Avropa paytaxtlarındakı kimi bütün imkanlar var. Bakının yaşayış tərzinə uyğunlaşmaq mənim üçün problem olmadı. Ailəmin getmək istəmədiyi yerə heç vaxt üz tutmaram. Buna görə də əvvəlcə şəhəri nəzərdən keçirirəm. Maraqlanıram ki, burada uşaqlar üçün məktəb necədir, həyat yoldaşım özünü necə hiss edəcək. Ailəm mənim üçün vacibdir".
 
Baş məşqçi tərcüməçisi Aydın Rüstəmovu və azərbaycanlı sürücüləri də tərifləyib:
 
"Mənim alman dilini bilən əla tərcüməçim var. Amma hələ də oyunçularla asan ünsiyyətim yoxdur. Çünki ona demək istədiyimi tam anlatdığımı bilmirəm. Yəni, bu, bir növ improvizasiya formasında alınır. Burada şəhəri tanımayanların öz sürücülərinin olması adi haldır. Bakıda sürücülər iki maşınlıq zolağa altı, üç maşınlıq zolağa səkkiz maşın salırlar. Üstəlik, avtomobillərini inanılmaz sürətlə idarə edirlər. Onlar əla sürücülərdirlər, amma belə şəraitdə yad insanlar çətinlik çəkirlər. Bu səbəbdən, onlar yerli sürücülər tutmağa üstünlük verirlər".
 
Qeyd edək ki, Robert Prosineçkinin AFFA ilə bağladığı 3 illik müqavilə dekabrda başa çatır ("Report"). 


Digər xəbərlər

Xəbər xətti