Ötən gün Kataloniyada müstəqilliklə bağlı referendum keçirildi və səsvermənin nəticələrinə görə muxtariyyət sakinləri müstəqil dövlətə qurmağa razılıq verdilər. Kataloniya 2 gün ərzində müstəqilliyini elan etməyi planlaşdırır.
İspaniya hökuməti əvvəlcədən bu baş verəcəyi təqdirdə bu bölgənin bütün klublarının lisenziyalarını ləğv edəcəyini açıqlamışdı. Kataloniyanın idman naziri Herard Fiqeras isə belə olacağı təqdirdə "Barselona"nın Fransa Liqa 1-də və ya İngiltərə Premyer Liqasında çıxış edəcəyini söyləmişdi.
Sportarena.az xəbər verirki, İngiltərə Futbol Federasiyası və Peşəkar Futbol Liqası yayılan xəbərlərə münasibət bildirib. İngiltərə mətbuatının yaydığı xəbərə, bir sıra mətbu orqanların sorğusuna rəsmi qurumlar belə cavab verib:
"Öncə vurğulayaq ki, "Barselona" Premyer Liqada iştirak etmək üçün bizə rəsmi müraciət etməyib. Bu hazırda real deyil. Çünki klub La Liqada çıxış edir. Mövsümün gedişində dəyişiklik etmək mümkün deyil.
Kataloniyanın müstəqilliyi barədə heç bir fikir bildirə bilmərik. Bu, siyasi məsələdir. Eyni zamanda, Böyük Britaniya höküməti referendumla bağlı qərarını açıqlamayıb. İndiki vəziyyətdə Kataloniyanın müstəqilliyi tanınmır. Biz qanunlara riayət etməliyik.
"Barselona"nın Premyer Liqada çıxış edəcəkləri ilə bağlı xəbərlərə gəlincə, bu barədə klublarla birgə fikir mübadiləsi apardıqdan sonra qərar verə bilərik. Bircə onu deyə bilərik ki, "Barselona"nın birbaşa Premyer Liqada çıxış etməsi mümkün deyil. İllərdi aşağı liqalarda bu vəsiqə üçün vuruşan klublar və bunun üçün əmək sərf edən insanlar var. Bu, onlara qarşı haqsızlıq olar.
Eyni zamanda, "Barselona"nın təmsil etdiyi şəhər və stadion bizim coğrafiyamızdan uzaqdır. Klublar çempionat oyununa görə bu qədər məsafə qət edə bilməzlər. Təqvimin kifayət qədər sıx olduğunu nəzərə alsaq, bu real görünmür".