DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah millimizin qonağı olacaq Çexiya yığmasının müdafiəçisi Marek Suxi oyunöncəsi mətbuat konfransında iştirak edib.
Sportarena.az xəbər verir ki, Moskva “Spartak”ının müdafiəçisi birbaşa sualları cavablandırıb:
- Sabah millimizin kapitanı Rəşad Sadıqovun vida matçıdı. Oyunçularımız görüşə əlavə motivasiya ilə çıxacaq. Bu, sizi narahat etmir?
- Bu, bizim üçün əlavə stimuldu. Rəşadı təbrik edirik. Ona çox hörmət edirik ki, bu səviyyəyə çatıb. Amma bizim də əsas məqsədimiz qalib gəlməkdi.
- Azərbaycan millisi haqda nə bilirsiniz?
- Komandanız haqda yaxşı məlumatımız var. Özümüzü yaxşı tərəfdən göstərmək istəyirik. Rəqibə hörmət edirik. Sabahkı matçda xallarmızın sayını artırmağa çalışacağıq.
- Ölkə mətbuatına açıqlamalarınızda tez-tez qeyd edilir ki, Çexiyada Azərbaycanı uda bilməməyiniz sizi DÇ-dən kənarda qoydu. Bakıya qisas hissi ilə gəlmisiniz?
- Düzdü, biz həmin oyunda xal itirdik və mundialdan kənar qaldıq. Amma bizim üçün Çexiya forması geyinmək fəxrdi. Qisas hissi ilə gəlməmişik. Əsas odu ki, xallarımızın sayını artıraq.
- Artıq hər iki komandanın şansı yoxdu. Siz bu matça necə hazırlaşmısız?
- Məqsədimizə çata bilməsək də, hər oyuna maksimum hazırlaşırıq. İnsan gərək aldığı zərbədən ayağa qalxa bilsin.
- Azərbaycanla matçdan çəkinmirsiz?
- Hər oyuna təmiz, aydın başla yanaşırıq. Heç nədən qorxmuruq və belə də matça hazırlaşmışıq.
- Müdafiə xətti haqda nə deyə bilərsiniz?
- Məşq üçün vaxtımız az olub. Buna baxmayaraq, maksimum bütün diqqətimizi müdafiəyə və oyunun təşkilinə yönəldəcəyik.