Rəşad Sadıqov: "Bu qərarı 2014-cü ildə vermişdim"

21:42 4 Oktyabr 2017

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Çexiyanı qəbul edəcək Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov oyunöncəsi mətbuat konfransında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, sabah yığmada son oyununu keçirəcək Sadıqov onları çətin oyun gözlədiyini deyib:

 

- Ciddi rəqiblə qarşılaşacağıq. Rəqib çox güclüdü. Hazırda tutduqları yerə layiq deyillər. Deyərdim ki, bu milli Şimali İrlandiyadan daha yaxşı oyun sərgiləyir. Bu komanda Şimali İrlandiyadan iki baş üstündü. Sabah sonuncu ev matçımıza çıxacağıq. Buna görə, yaxşı nəticə qazanıb, azarkeşlərimizi sevindirməyə çalışacağıq.

 

- 16 il, 110 oyun. Milli karyeranın sonu. Bu amil sabah oyununa necə təsir edəcək?
- Bu barədə çox danışmaq olar. Vida oyununu başqa formada da edə bilərdik. Məsələn, yoldaşlıq oyununda. Lakin təmtəraqlı vida oyunu keçirmək istəmədim. Millidə oynadığım zaman milliyə əlimdən gələn köməyi etmişəm. Fikrimin yayınmaması üçün bu barədə ətraflı danışmaq istəmirəm. İndi yalnız sabahkı oyuna köklənmişəm. Asan qərar deyildi. Bu barədə çox düşündüm və belə qərara gəldim ki, artıq vaxtdı.

 

- Yaxın illərdə sizin millidəki rekordunuzu təkrarlayacaq oyunçu ola bilər?
- Elə oyunçular var ki, 25-26 yaşı olsa da, millidə 50-60 oyun keçiriblər. Yəni onlar qarşıdakı 5-6 ildə bu rekordu təkrarlaya bilərlər.

 

- Millidə hansı oyunçunu davamçınız kimi görürsüz?
- Bu sual mənə dəfələrlə verilib. Elə sualdı ki, konkret cavab vermək olmur. Namizədlər var, bəlkə, məndən də yaxşı əvəz edəcək oyunçular var. Qarşıda yoldaşlıq görüşləri olacaq. Məhz bu oyunlarda bu mövqedə kimin çıxış edəcəyi dəqiqləşəcək. Yeri gəlmişkən, baş məşqçimiz Robert Prosineçkiyə təşəkkür edirəm. Milli karyeramı bitirməklə bağlı qərarı hələ 2014-cü ildə, Xorvatiyaya 0:6 hesablı məğlubiyyətdən sonra vermişdim. Həmin oyundan sonra Berti Foqtsa bu barədə dedim. Ancaq o, buna qarşı çıxdı. Lakin oyundan sonra bu barədə fikrim qəti idi. Bəlkə də, Allahın işidi ki, çöldə jurnalistləri tapa bilmədim. Sonra Prosineçki gəldi. O, məni yaxşı motivasiya etdi. Həmin vaxt artıq milliyə gərəkli olmadığımı düşünürdüm. Lakin Prosineçkinin təkidindən sonra qalmaq qərarı verdim. Elə yaxşı ki də qalmışam. Çox maraqlı seçmə mərhələ keçirdik. İtaliya və Almaniya milliləri ilə matçdan öncə də getmək barədə düşünürdüm. Lakin hər ikisində Prosineçki məni bu fikirdən daşındırdı. Bu oyundan öncə isə onunla bir daha danışdım və fikrimin qəti olduğunu bildirdim. Məni başa düşdü və qərarımla razılaşdı.


Digər xəbərlər

Xəbər xətti