Elxan Məmmədov: "Rəşad gələcəkdə çox yaxşı baş məşqçi olacaq"

10:31 6 Oktyabr 2017

“Rəşad Sadıqov milli komandanın layiqli kapitanı idi. Patriotdur, vətəni, futbolu sevən insandır. Ona gələcək məşqçilik karyerasında uğurlar arzulamaq istəyirəm".

 

Sportarena.az xəbər verir ki, bunu AFFA-nın baş məşqçisi Elxan Məmmədov Azərbaycan milli komandasının Bakıda Çexiya yığmasına 1:2 hesabı ilə uduzduğu 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra deyib.

 

Baş katib bildirib ki, Sadıqovun tezliklə Azərbaycan yığmalarından birində baş məşqçi kimi görmək mümkündür. Amma bunun üçün 35 yaşlı oyunçu təcrübə yığmalıdır:

 

"Hazırda Rəşad "Qarabağ"ın U-19 komandasında çox gözəl təcrübə toplayır. İnanıram ki, o, gələcəkdə çox yaxşı baş məşqçi olacaq".

 

Robert Prosineçkinin Azərbaycan millisindəki taleyinin AFFA İcraiyyə Komitəsinin iclasında müzakirə olunmadığını deyən E.Məmmədov hələ qarşıda Almaniya ilə oyunun da qaldığını xatırladıb. "Özü millidə qalmaq istəyirmi?" sualını isə milli assosiasiya rəsmisi belə cavablandırıb:

 

"Hələ danışmamışıq. Aramızda heç bir müzakirə olmayıb. Hər bir məşqçi müqaviləsinin sonunadək çalışırsa, karyerasını orada davam etdirməyi arzulaya bilər. Amma bu barədə bizə heç nə deməyib, özümüz də danışmamışıq. Öncədən də demişik ki, onunla danışıqlara müqavilə müddəti bitdikdən sonra başlayacağıq. Nəzərə almaq lazımdır ki, 10 xalımız var. Necə də olmasa, bu, bizim üçün rekorddur. Təbii ki, daha çox xal qazanmaq imkanımız var idi. Unutmayaq ki, 3 oyundan sonra 7 xala malik idik".

 

Baş katib Çexiyaya qarşı oyuna dair sabah Prosineçki ilə müzakirə aparacaqlarını vurğulayıb. O, baş məşqçinin heyət seçiminə qarışmadıqlarını söyləyib:

 

"Millimizin baş məşqçisi Prosineçkidir və heyət seçimini də özü edir. Almaniya ilə oyunda da meydana çıxanlara baxacağıq. Ondan sonra bu barədə danışarıq".

 

Məmmədov UEFA Millətlər Liqasının reqlamentinə əsasən, Azərbaycan yığmasının, böyük ehtimalla, D Liqasında yer alacağını söyləyib:

 

"Son 2 turun oyunları yekunlaşdıqdan sonra reytinq müəyyənləşəcək. Çexiyaya məğlubiyyətdən sonra C-dən D-yə düşdük. Amma digər tərəfdən, seçmə mərhələnin püşkatmasında da səbətlər olacaq. Yəni, bunlar bir-birini kompensasiya edə bilər. Biz bu məsələ ilə bağlı böyük bir təqdimat hazırlayacağıq. Qoy, hamı bilsin ki, Millətlər Liqası nə deməkdir. Çünki bu turnirin reqlamentini başa düşmək çətindir. Burada "pley-off" və final mərhələləri də var. UEFA-dan da bəzi məlumatları əldə edəcəyik və gözəl təqdimat edəcəyik".


Digər xəbərlər

Xəbər xətti