"Oyuna gözlədiyimizdən də yaxşı başladıq. Artıq 25-ci saniyədə qol vurduq. Erkən qol vurmağımız və hesabı xeyrimizə dəyişməyimiz əlavə üstünlük oldu. Rəqib isə üzərimizə gəlməyə başladı. Nəticədə oyunumuzu diqtə etmək üçün şərait yarandı. Düzdür, rəqib hesabı bərabərləşdirdi, amma dərhal növbəti qolu vurduq. Fasiləyə qədər davamını gətirdik və üstünlüyümüzü 2 top çatdırdıq".
Sportarena.az xəbər verir ki, bu sözləri "Araz"ın qapıçısı Rövşən Hüseynli Bosniya və Herseqovinanın "Mostar" klubuna 5:2 hesabı ilə qalib gəldikləri futzal üzrə UEFA Kubokunun əsas mərhələsinin ilk tur oyunundan sonra deyib.
26 yaşlı qolkiper Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında "Mostar"la görüşdə xüsusən standart vəziyyətlərdən yaxşı istifadə etdiklərini vurğulayıb. Onun fikrincə, artıq "Mostar”la oyunu unutmaq lazımdır:
"Çünki bu gün növbəti qarşılaşmamızı keçirəcəyik. Məqsədimizi reallaşdırmaq üçün maksimum nəticə qazanmalıyıq. Komanda olaraq buna hazırıq”.
Qeyd edək ki, Rumıniyada keçirilən UEFA Kubokunun əsas mərhələsinin 8-ci qrupunun oyununda "Araz" bu gün Maltanın "Sent Endryus" klubu ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.