Qurban Qurbanov: "Çətinlik olan yerdə uğur daha çox olur"

14:18 17 Oktyabr 2017

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah “Atletiko”nu qəbul edəcək “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 

 

Sportarena.az xəbər verir ki, Qurbanov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

 

- Rəqib barədə çox danışmağa ehtiyac yoxdu. “Atletiko”nu hamımız yaxşı tanıyırıq. Son 4 ildə iki dəfə Çempionlar Liqasının finalına çıxıblar, İspaniya çempionluğunu qazanıblar. Rəqibin oyunlarına baxmışıq. Öz oyun dəst-xətti olan komandadı. Ən azı yaxşı mübarizə göstərməyə, meydanda öz oyunumuzu sərgiləməyə çalışacağıq.

 

- “Atletiko”da hansısa zəif cəhətləri tapa bilmisiz?
- Rəqibin çox güclü baş məşqçisi var. Futbolçuların da ustalıq səviyyəsi çox yüksəkdi. Bu komandanın səhv etmək şansı azdı. Bizə rəqibin zəif yönünü tapmaq çətindi. Bunu futbolçular meydanda müəyyənləşdirməlidi. Bu komandanın əsas oyun üslubu odu ki, rəqibə meydanda oynamağa imkan verməsinlər. Sabah öz oyunumuzu sərgiləməyə çalışacağıq. Düzü, sabah rəqibin buna nə dərəcədə imkan verəcəyini bilmirəm. Rəqib müdafiədə çox güclüdü. Çalışmalıyıq ki, topu özümüzdə saxlayaq. Bunun çətin olacağını bilirik.

 

- “Atletiko”da hansısa zəif cəhətləti tapa bilmisiz?
- Rəqibin çox güclü baş məşqçisi var. Futbolçuların da ustalıq səviyyəsi çox yüksəkdi. Bu komandanın səhv etmək şansı azdı. Bizə rəqibin zəif yönünü tapmaq çətindi. Bunu futbolçular meydanda müəyyənləşdirməlidi. Bu komandanın əsas oyun üslubu odu ki, rəqibə meydanda oynamağa imkan verməsinlər. Sabah öz oyunumuzu sərgiləməyə çalışacağıq. Düzü, sabah rəqibin buna nə dərəcədə imkan verəcəyini bilmirəm. Rəqib müdafiədə çox güclüdü. Çalışmalıyıq ki, topu özümüzdə saxlayaq. Bunun çətin olacağını bilirik.

 

- “Qarabağ”ın “Atletiko” ilə oyunda əsas məqsədi nədi? 
- Əsas hədəfimiz meydanda yaxşı mübarizə aparmaqdı. Əvvəlcədən dediyim kimi, bu komandaya qarşı əsas nəticə qazanmaq yox, mübarizə aparmaqdı. Əlbəttə, sabah xal qazanmağa çalışacağıq. İspaniya və Azərbaycan futbolunu müqayisə etməyə dəyməz. Buna baxmayaraq, sabah meydana xal qazanmaq üçün çıxacağıq. Ən azı, yaxşı nəticə qazanacağımıza inanırıq.

 

- “İnter”lə oyunda iki qol vuran Dino Ndlovu meydandan axsayaraq çıxdı. Onun vəziyyəti necədi? 
- Dünən məşqi yarımçıq tərk etdi. Ayağında ağrılar hiss etdi. Onun vəziyyətinə sabah aydınlıq gələcək.

 

- Bu, Olimpiya stadionunda ikinci oyununuzdu. Uzun müddət Tofiq Bəhramov adına Respublika stadionunda çıxış etmisiz. Bu stadiona öyrəşmək çətin deyil ki? 
- Artıq bu barədə düşünmürük. İstəmirəm ki, hər dəfə bu söhbətə qayıdım. Tofiq Bəhramov adına stadionda oynamağın bizə daha rahat olduğunu təkrarlamaq istəməzdim. Keçən oyunda 55-58 min azarkeş bizə dəstək oldu. İstərdik ki, bu oyunda da stadion dolsun.

 

- Dino Ndlovunun zədəli olmasını nəzərə alsaq, sabah Mahir Mədətov və ya Ramil Şeydayevə şans vermək şansınız nə qədərdi? 
- Bu barədə qərar verməmişəm. Sabaha kimi vaxtımız var. Sabah tam qərar verəcəm.

 

- “Atletiko”nun sizdən öncə “Barselona” kimi titullu klubla heç-heçə oynaması komandanızda gərginlik yaratmır ki? 
- Dünya futbolunda 7-8 klub var ki, onların öz aralarında oyunu həmişə maraq doğurur. Məndə şəxsən gərginlik yaranmır, əksinə, mənim üçün zövqdü. Bu cür məşqçilərə qarşı çıxış etmək şəxsən mənim üçün maraqlıdı. Çəkinmədən hazırlaşırıq.

 

- “Atletiko”nu “Real” və “Barselona”dan fərqləndirən cəhətlər hansılardı? 
- “Atletiko” İspaniyanın ən güclü klublarındandı. Oyun üslüblarında fərq var. Hətta ən güclü komandalar belə, “Atletiko”ya qarşı oynamaq istəmir. Çünki bu komanda rəqibə oynamağa imkan vermir. Çox aqressiv oyun sərgiləyirlər. Onların oyun sistemi ən güclülərdəndi.

 

- “Roma” ilə oyunda yağışın yağması və nəqliyyatla bağlı problemlər azarkeşlərə narahatlıq yaratdı. Buna görə bu dəfə biletlər tam satılmayıb. Onların bu oyuna gəlməsi üçün azarkeşlərə hansı çağırışı etmək istərdiz? 
- Asan heç nə yoxdu. Çətinlik olan yerdə uğur daha çox olur. Bu yerlərə asanlıqla gəlib çıxmamışıq. “Roma” ilə oyun bizim üçün ilk idi. Mən həmişə çətinlikdən həzz almışam. Çətinlikdən sonra gələn uğur daha şirin olur. Azarkeşlərimizdən narazı deyiləm. Bu gün Azərbaycanda, futbolumuzda olan durumu nəzərə almalıyıq. Stadionda 30, 40 və ya daha artıq azarkeşin olmasından asılı olmayaraq, biz Azərbaycan üçün oynayırıq. Meydana çıxanda, bütün azərbaycanlıları arxamızda hiss edirik. Mən azarkeş olsam, stadiona çətinliklə gəlsəm, bundan daha çox zövq alaram. Sadəcə, azarkeşlərimiz bilməlidi ki, tribunalarda nə qədər çox azarkeş olsa, bu, komandanı bir o qədər ruhlandıracaq.

 

- Sizcə, bu gün “Qarabağ”da “Roma” və “Atletiko”da çıxış edəcək səviyyədə oyunçular varmı? 
- Özümüzü aldatmayaq. Hazırda bu klublarda çıxış edəcək futbolçumuz yoxdu. Bu, təkcə futbolçularla bağlı deyil. “Atletiko” və “Roma” daha yüksək səviyyəli çempionatlarda çıxış edən futbolçulara daha çox üstünlük verirlər. Azərbaycan çempionatı isə hələ o səviyyədə deyil. Bundan başqa, bu cür klublar bir futbolçunu transfer etmək istəyəndə onu uzun müddət izləyirlər. Ümid edirəm ki, gələcəkdə bizim də futbolçularımız Avropanın aparıcı ölkələrində top qovacaqlar. Bunun üçün ölkə xaricində oynayan futbolçular özünü yaxşı tərəfdən göstərməlidilər.


Digər xəbərlər

Xəbər xətti