Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Atletiko” (Madrid) oyunu ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi (BNA) gücləndirilmiş iş rejimində çalışacaq.
Sportarena.az xəbər verir ki, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi (NMM), eləcə də digər metro stansiyalarının ətrafındakı dayanacaqlarda marşrut xətlərinin fəaliyyətinə nəzarət əlavə canlı qüvvə cəlb edilməklə gücləndiriləcək. BNA-nın yaydığı məlumatda deyilir:
“Oyundan sonra “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən sərnişinlərin vaxtında, rahat və təhlükəsiz daşınması əvvəlcədən nəzərdə tutulan plana uyğun olaraq təmin ediləcək. “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən şəhər mərkəzi, həmçinin ətraf kənd və qəsəbələrə xidmət edən 32 marşrut xətti üzrə avtobusların hərəkət intervalı əlavə nəqliyyat vasitələri cəlb edilməklə maksimum dərəcədə azaldılacaq”.
BNA “Koroğlu” NMM-dən istifadə edəcək azarkeşlərə hərəkətin təhlükəsizliyi ilə bağlı bəzi qaydalara mütləq şəkildə əməl etməyi tövsiyə edir.