Qurban Qurbanov: "Hər belə epizoda görə UEFA-ya müraciət etməyə gərək yoxdu"

23:02 18 Oktyabr 2017

UEFA Çempionlar Liqasının qrup mərhələsində evdə “Atletiko” ilə qolsuz bərabərə qalan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:

 

- Bütün futbolçularımı təbrik edirəm. İlk xalımızı Allahın izni ilə qazandıq. Son dəqiqələrə kimi var gücümüzlə mübarizə apardıq. Azarkeşlərimizə də təşəkkür edirəm. Onlar da son dəqiqəyə kimi bizimlə idilər. Məncə, çox vacib xal qazandıq. Fikrimcə, bu xal futbolçularımda turnirin ab-havasını hiss etmək baxımından böyük rol oynayacaq.

 

- “Qarabağ” bundan öncəki oyunlarda niyə belə çıxış etmirdi. Əvvəlki oyunlarda nə çatışmırdı?
- Bir turnirə yeni başlayanda həyəcan çox olur. Bu gün xal qazanmağımız o demək deyil ki, istədiyimiz oyunu oynadıq. Rəqibin bir neçə real qol fürsəti oldu. Məncə, bu oyunda təcrübə əsas rol oynadı.

 

- Dino Ndlovu ilə məlum epizodla bağlı danışdız? Ona nə dediz?
- Dino ilə bu barədə danışmadım. Sadə epizod idi. Məncə, hakim bu epiozodu düzgün dəyərləndirmədi.

 

- Bu oyunda hücumçular da geri çəkilərək, komandaya müdafiədə kömək edirdilər. Bu amil komandanın bərpasında problem yarada bilər?
- Bəli, futbolçular bu oyunda çox güc itirdilər. Rəqib də hücumçularımızın arxaya çəkilməsində rol oynadı. Bu cür turnirlərdə gərginlik çox olur. Həm Maksim Medvedev, həm də Bədavi Hüseynov zədələndi. Ümumiyyətlə, bu cür oyunlardan sonra futbolçuların bərpası üçün çox vaxt gərək olur. Futbolçularım bu gərginliyə dözdü. Buna görə, sevinirəm. Təəssüf ki, burdakı komandaların hamısı bu cəhətdən bizdən üstündü. Onlar mövsüm ərzində 50-60 belə oyunlara çıxırlar. Futbolçularıma bu oyunda sonadək mübarizə apardıqlarına görə təşəkkür edirəm.

 

- Donald Gerrye psixoloji cəhətdən bu oyuna hazır idi?
- Onun üçün ağır itkidi. Övlad itirmək ağır dərddi. Komanda olaraq onun yanında olduq. Sadəcə, iki gün bizimlə olmadı. Mənimlə görüşdükdən sonra məşqlərə başladı. Futbol elə oyundu ki, insana ağrı-acıları unutdurur. Bu oyunda bizə köməyi dəydi. Matça yaxşı köklənmişdi. Hava toplarında yaxşı mübarizə apardı.

 

- Bədavi Hüseynovun zədəsi nə yerdədi?
- Həkimlərin ilkin diaqnozu heç də xoş deyil. Sabah rentgen müayinəsindən keçəcək. Günortaya onun vəziyyətinə tam aydınlıq gələcək.

 

- “Atletiko”nun son hücumları zamanı hansı hissləri keçirirdiz?
- Düşünəcək bir şey yox idi. Tanış məqamlardı. Həmişə oyuna müəyyən qədər vaxt əlavə olunur. Bədavinin zədələndiyi epizodda müəyyən anlaşılmazlıq oldu. Çünki yan xətt hakimi ofsayd bayrağını qaldırmışdı. Ancaq sonradan gördük ki, hakim həmin epizodda haqlı idi.

 

- Ndlovu qırmızı vərəqə aldı. Növbəti oyunda onu kim əvəzləyə bilər? Ümumiyyətlə, Dinoya verilən qırmızı vərəqəyə görə UEFA-ya rəsmi müraciət olacaq?
- Elə də çox variantımız yoxdu - Ramil Şeydayev və ya Mahir Mədətov. Oyunu tam analiz etdikdən sonra bu məsələylə bağlı qərar verəcəyik. O ki qaldı Ndlovunun epizoduna, təkrara baxacağıq. Müraciət üçün ehtiyac görmürəm. Çünki, bir dəfə müraciət etdik, cavabı da hamınız bilirsiz. Biz bu cür turnirlərdə yeniyik. Digər komandalar bu cür epizodlara öyrəşiblər. Məncə, hər belə epizoda görə UEFA-ya müraciət etməyə gərək yoxdu.


Digər xəbərlər

Xəbər xətti