"Bu gün biz ilk iki oyunla müqayisədə daha hazırlıqlı idik. Sübut etdik ki, qrup mərhələsinə layiqik. Komandamız Çempionlar Liqasına yaraşan oyun göstərdi".
Sportarena.az xəbər verir ki, bunu Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda İspaniya təmsilçisi "Atletiko" ilə Bakıda qolsuz heç-heçədən sonra "Qarabağ"ın qapıçısı İbrahim Şehiç deyib. Bosniya və Herseqovinalı qolkiper çətin oyun olduğunu, əldə edilən bir xala görə sevindiyini ifadə edib:
"Bir neçə qol şansımız da oldu. Ancaq yararlana bilmədik. Əsas odur ki, xal qazandıq. Buna sevinirik".
Qeyd edək ki, "Qarabağ" ÇL növbəti oyununun oktyabrın 31-də Madriddə "Atletiko"ya qarşı keçirəcək.