Çempionlar Liqasının üçüncü turu çərçivəsində baş tutan "Qarabağ" - "Atletiko" matçı (0:0) zamanı bir neçə azarkeş tərəfindən ağ kağız üzərində yazılmış "Qarabağ" pankartı və bu məsələ ətrafından baş verənlər barədə yəqin ki, elə də geniş danışmağa ehtiyac yoxdur. Bütün dünyada böyük marağa səbəb olan bu pankart yalnız bir yerdə çox pis şəkildə tənqid edildi. Bəlkə də, tənqid sözü Türkiyənin nüfuzlu "Sabah" qəzetinin köşə yazarı Mevlut Tezelin yazdıqlarının yanında çox yüngül səslənə bilər.
Tezelin yazısı "Sabah"ın saytından silinsə də, yazar özü Azərbaycan xalqından və "Qarabağ" azarkeşlərindən üzr istəsə də, içimizdə rahatlıq tapa bilmirik. Axı pankartı açan azarkeşlər "əzik" sözünə layiq deyildilər. Atalarımız yaxşı deyib, "qılınc yarası sağalar, söz yarası sağalmaz".
Elə azarkeşlər və Azərbaycan xalqı son yaşananlara biganə qalmaq fikrində deyillər. Onlar "Qarabağ"ın ÇL-in qrup mərhələsi çərçivəsində "Çelsi" ilə sonuncu ev oyununda möhtəşəm pankart açmaq fikrindədilər. Artıq sosial şəbəkələrdə bu barədə ciddi müzakirələr gedir. Həmin pankartların təsvirlərini yazının sonunda sizə təqdim edəcəyik.
Azarkeşlərin bu istəyi bizim də diqqətimizə səbəb oldu. Tezelin yazılarına "Qarabağ" rəsmilər də sərt reaksiya vermiş, pankartı açan azarkeşlərinə sahib çıxmışdılar. Ağdam klubunun azarkeşlərinin "Çelsi" ilə oyunda möhtəşəm pankart açmaq təklifinə münasibəti necədir? Sualımızı klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimova ünvanladıq. Klub rəsmisinin cavabı belə oldu:
"Bəli, planlarımızda belə bir şey var. Əvvəlcədən bu barədə fikirlərimiz var idi. İndi isə çalışacağıq ki, bunu gerçəkləşdirək".
Heybət Məmmədov