Bakı AÇ-2020-nin açılış matçını keçirməyə namizəd oldu

14:15 27 Oktyabr 2017

2020-ci il Avropa çempionatının açılış oyununu keçirmək üçün Bakı şəhərinin də namizədliyi irəli sürülüb.
 
Sportarena.az "Report"a istinadən xəbər verir ki, UEFA-nın göndərdiyi müvafiq sorğusuna cavab müsbət olub. Bununla yanaşı, açılış oyununun Bakı Olimpiya Stadionunda keçirilmə şanslarının az olduğu vurğulanıb. Səbəb kimi 2019-cu ildə Avropa Liqasının final matçının bu arenada təşkil olunacağı göstərilib. 
 
AÇ-2020-nin keçiriləcəyi 13 stadiondan "Uembli" (London) açılış oyununa ev sahibliyi edə bilməz. Çünki bu arenada yarımfinal və final oyunları keçiriləcək. Bakı Olimpiya Stadionu isə qrup mərhələsinin 3 oyunundan əlavə, "Alyans Arena" (Münhen), "Sankt-Peterburq" və "Olimpiko" (Roma)  stadionları ilə birgə 1/4 final görüşlərinə ev sahibliyi edəcək. Bu şəhərlərdən Sankt-Peterburq artıq namizədliyini irəli sürüb. Qalan 5 namizədin də böyük stadionlara malik şəhərlərdən biri olacağı gözlənilir. 68700 nəfərlik Bakı Olimpiya Stadionu oyunlara ev sahibliyi edəcək digər 8 arenanı tamaşaçı tutumunda üstələyir. 
 
Qeyd edək ki, 12 iyun – 12 iyulda təşkil olunacaq 2020-ci Avropa çempionatı ilk dəfə Avropanın 13 şəhərində keçiriləcək. Bakı ilə yanaşı, London, Münhen, Sankt-Peterburq, Roma, Kopenhagen, Buxarest, Amsterdan, Dublin, Bilbao, Budapeşt, Brüssel və Qlqazo qitə birinciliyinə ev sahibliyi edəcək. Yarımfinal və final matçları İngiltərənin paytaxtında olacaq. 


Digər xəbərlər

Xəbər xətti