Yığmanın məşqçisi: "Milliə ancaq azərbaycanlı futbolçular oynayacaqlar"

16:50 29 Oktyabr 2017

Oktyabrın 24-dən 27-ə kimi Bakıda 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçirildi. 24 futbolçunun iştirak etdiyi və 4 gün davam edən toplanış çərçivəsində U-15 millimiz «Neftçi» İK İB-nin U-16 komandası ilə yoxlama oyunu keçirdi və 2:1 hesabı ilə qalib gəldi. Toplanış başa çatdıqdan sonra U-15 və U-16 millilərimizin baş məşqçisi Vüqar Məmmədlə görüşüb futbolçuların hazırlıq səviyyəsi, noyabrda U-16 millimizin də iştirakçısı olacaq «AEGEAN Cur», liqalardakı vəziyyət və digər məqamlarla bağlı müsahibə götürdük. Vüqar müəllim söhbətə başa çatmış toplanışı keçirmək məqsədlərini açıqlamaqla ilə başladı:

 

«Çox istərdik ki, toplanış dərslərlə üst-üstə düşməsin»

 

- Son zamanlar U-15 millisinin toplaşını az olmuşdu. Bu üzdən milliyə namizəd olan futbolçuların hazırlıq səviyyəsini yoxlamağa ehtiyac var idi. Bunu nəzərə alaraq təlim-məşq toplanışı keçirmək qərarına gəldik. Toplanışı keçirməkdə 2 əsas məqsədimiz var idi. Birincisi, 15 yaşlı futbolçulara baxış, ikincisi isə seçilən, özünü yaxşı tərəfdən göstərən bir neçə futbolçunu gələn ay Türkiyədə keçiriləcək «AEGEAN Cur»da iştirak edəcək U-16 millisinə cəlb etmək.

 

 

-  4 günlük toplanışda uşaqlardan gözlənilənləri ala bildiniz?

- 24 futbolçudan 20-i yerli çempionatda çıxış etdiyindən onları daim izləyə bilirik, nəyə qadir olduqlarına demək olar ki, bələdik. Digər 4 futbolçu ölkə xaricində oynayır. Bu üzdən onları həmişə nəzarətdə saxlamaq mümkün olmur. İstəyimizdən biri də həmin uşaqları iş başında görmək idi. Doğrudur, bu uşaqların oynadıqları oyunlarının videogörüntülərini izləyərək, onlar haqqında müəyyən məlumat əldə edə bilmişdik. Amma videogörüntü ilə canlı izləmək tamam fərqlidir.

 

- «Dördlük»dən razı qaldınızmı?

- Barselonanın «Neurofootball» klubunda çıxış edən Eldar Tağızadə və Vüsal Qəmbərovu çoxdan tanıyırdıq. Son bir ildə xeyli «artırdıqlarını» deməliyəm. O ki qaldı İsveçdən gələn Pənah Rüstəmzadə və Ayxan Cabbarova, onlarla ilk dəfə tanış olduq. Pənahın zədəsi olduğuna görə var gücü ilə məşq edə bilmədi. Yoxlama oyununda da tez əvəzləndi. Ayxana gəlincə, o, İsveçdə özündən bir yaş böyük futbolçuların çempionatında çıxış edir. Kifayət qədər istedadlı futbolçudur. Toplanışda da bunun şahidi olduq.

 

- Ayxan həqiqətən istedadlı uşaqdır. Onun gələcəkdə İsveç millisinə düşmək imkanı olsa, bizdən imtina etməsi ehtimalı çoxdurmu?

- Düşünmürəm. Ayxanın ailəsi ilə bu barədə söhbət etmişəm. Burada olanda özü ilə də danışdım. Milli dəyərlərimizi qorumağa çalışan ailəsi var. 5 ildir İsveçdə yaşamalarına baxmayaraq, Ayxan dilimizdə sərbəst danışır, himnimizi əzbər bilir. Onun Azərbaycan millisinə can atdığının şahidi oldum.

 

 

- Yerli çempionatda oynayan digər 20 futbolçunun hazırlıq səviyyəsi necə, məşqçilər korpusunu qane etdimi?

- Bu yaş qrupunun Avropa çempionatını «dadmasına» hələ 2 il var. Çalışırıq ki, belə toplanışlarla U-15 millisindən U-16 millisinə daha çox futbolçu qazandıraq. Bir misal çəkim, son Avropa çempionatının seçmə mərhələnin oyunlarında 3 nəfər 16 yaşlı futbolçu – «Neftçi»dən Mahir Həsənov, «Qəbələ»dən Veysəl Rzayev və «Qarabağ»dan Musa Qurbanlı U-17 yığmasına çağırılmışdı. Bu gün çalışırıq ki, U-16 millisinə bacardığımız qədər 15 yaşlı futbolçu qazandıraq. Bu üzdən indi U-15 və U-16 millisində nəticə bizim üçün önəmli deyil. Futbolçuların hazırlıq səviyyəsinə gəlincə, ölkə çempionatının oyunlarını izlədiyimizdən onların nəyə qadir olduqlarını daha əvvəldən bilirdik. Sadəcə, fərqli atmosferdə bir daha yoxlamağa ehtiyac var idi.

 

- Cəmi 1 yoxlama oyunu keçirdiniz. O da küləkli havada.

- Bəs etdi. Külək uşaqların potensiallarını tam açmağa imkan vermədi. Buna rəğmən, bizə daha çox uşaqların onlara verilən tapşırıqları necə yerinə yetirmələri maraqlı idi. Əsas uşaqların düzgün futbol oynamalarıdır. Bu yaşda uşağın fiziki gücü, boy-buxunu lazımincə olmaya bilər. Bu çatışmazlıqlar yaş artdıqca düzələn şeylərdir. Yenə də deyrəm, əsas futbolçunun taktiki cəhətdən düzgün oynamasıdır. Buna görə futbolçu seçərkən onun qabaritlərinə deyil, oyununa, düşüncəsinə üstünlük veririk.

 

- Amma etiraf edək ki, U-15 millisinə layiq xeyli futbolçu toplanışdan kənarda qaldı.

- Ümumiyyətlə, 2003-cü il doğumlu istedadlı futbolçular çoxdur. Millinin məşqçilər korpusu U-15 Liqasının oyunlarını yaxından izləyir, seçilən uşaqları nəzarətdə saxlayırıq. Düz buyurursunuz, milliyə layiq futbolçular var ki, onları toplanışa dəvət etməmişdik. Onlardan bir neçəsi zədəli və xəstə idi. Amma bu, o demək deyil ki, digər uşaqlar nəzərimizdən kənarda qalacaq. Növbəti toplanışda planımızda həmin uşaqları da düşərgəyə çağırmaq var.

 

 

- Növbəti toplanış deyəndə…

- Dekabrda U-15 və U-16 millilərinin bir həftəlik birgə toplanışını keçirməyi planlaşdırırıq. Orada əsasən özlərini daha yaxşı göstərən futbolçular iştirak edəcək. Sırf 15 yaşlı uşaqlara gəlincə, belə bir toplanışın gələn ilin yanvar-fevral ayında olması gözlənilir və siz dediyiniz kimi, bu toplanışa qatıla bilməyən futbolçuların həmin vaxt yoxlamağı nəzərdə tutmuşuq. Bu, həmin uşaqlara psixoloji dəstək olmaqla yanaşı həvəslənmələri üçün stimul olacaq.

 

- Toplanış dərs günlərinə təsadüf etdi. Bu isə uşaqların 4 gün dərslərdən kənarda qalmasına səbəb oldu.

- Çox istərdik ki, toplanış dərslərlə üst-üstə düşməsin. Amma bizdən asılı olmayan səbəblərə görə belə alındı. U-15 Liqasında oyunlar şənbə-bazar günləri keçirilir. Bu üzdən məcbur olub toplanışı iki turun arasına salmalı olduq. Əlbəttə, uşaqların təhsildən yayınmalarını biz də istəmirik. Oxumaq hər bir uşaq, o cümlədən milli üzvləri üçün vacibdir. Uşaqlarla fərdi söhbətlərimizdə onların dərslərinə məsuliyyətlə yanaşmalı olduqlarını hər dəfə xatırladırıq. Futbolçu olmaq yaxşıdı, savadlı futbolçu olmaq isə lap yaxşıdı.

 

 

- Toplaşın müddətində kitab oxuyan uşaqla rastlaşdınız?

- Təəssüf ki, yox. Halbuki onların toplanış müddətində dərsləri ilə məşğul olamaları üçün boş vaxtları var idi.

 

«Liqaların səviyyəsi çox aşağıdır»

 

- Vüqar müəllim, U-15 Liqasında 15, U-16 Liqasında isə cəmi 11 komanda var. Sizcə, bu, normaldımı?

- Liqalarda komandaların sayı azdır. Bunun da bir çox səbəbləri var. Əsasən bölgə təmsilçilərinin azlığı təəssüf doğurur. 2003-cü il təvəllüdlü futbolçular ötən il U-14 Liqasında çıxış edirdilər. Həmin vaxt yarışlar zonalar üzrə keçirildiyindən çempionatda 90-a yaxın komanda mübarizə aparırdı. Bu, 1700-dən çox futbolçu demək idi. U-15 Liqasında çempionat respublika üzrə keçirildiyindən komanda sayı əhəmiyyətli dərəcədə azalıb. U-16 Liqasında isə 11 komandanın oynaması üzücüdür. Belə olan halda futbolçuların sayı da azalır ki, bu da öz növbəsində milliyə mənfi təsir göstərir. Ötən il Avropa çempionatının seçmə mərhələsinin oyunları zamanı ingilis həmkərlarımızla bu barədə müzakirə apararkən məlum oldu ki, onlar yığmaya çağırılan 20-25 nəfər futbolçunu 5000 nəfərin arasından seçiblər. Bizdə isə seçim 250-300 futbolçu arasından edilir. Komandaların sayının az olması çempionatın səviyyəsinə də mənfi təsir göstərir.

 

- Elə bu haqda soruşacaqdım. U-15, U-16 və U-17 liqalarının səviyyəsi sizi qane edirmi?

- Təbii ki, yox. Liqaların səviyyəsi çox aşağıdır. Hazırda bu liqalarda çıxış edən komandalardan 3-4-ünün çıxışı göz oxşayır. Hiss edirsən ki, bu komandaların üzvü olduqları akademiyalarda normal iş gedir. Qalanlarında çatışmazlıqlar çoxdur. Başqa bir nüans meydan amilidir. Oyunların keçirildiyi stadionların əksəriyyətində meydanlar pis vəziyyətdədir. Əksər komandalar Gəncədəki stadiondan narazıdırlar. Çünki hər dəfə «Kəpəz»lə oyundan sonra rəqib komandanın bir neçə futbolçusu zədə alır. Liqaların oyunlarının əksəriyyəti süni örtüklü meydanlarda keçirilir ki, bu da arzuolunmaz məqamdır. Fikrimcə, hər liqada təxminən 30 komanda olmalıdı. Özü də bu komandalar səviyyələrinə görə 2 dəstəyə bölünməlidi. Belədə həm futbolçu bolluğu yaranacaq, həm də təzyiq altında keçən oyunların sayı, rəqabət artacaq. Bu gün hər oyunda meydana çıxıb 6-7 qol buraxan komandanın futbolçuları psixoloji sarsıntı keçirirlər, onlarda futbolçu olmaq ümidi ölür. Liqalarda mövsüm ərzində təzyiq altında keçən oyunlara az rast gəlirik. Yenə də bir misal çəkim. Ötən ay U-16 millisi gürcü həmyaşıdları ilə 2 yoldaşlıq oyunu keçirdi. İlk oyunda futbolçularımız çempionatda görmədikləri təzyiqlə üzləşdilər. Doğrudur, buna tez alışdılar və ikinci oyunda özlərinə gəldilər. Bu təzyiq təkcə millinin oyunlarında deyil, çempionatda da daim olmalıdır.

 

Bundan başqa komandaların əksəriyyətinin beynəlxalq təcrübəsi yoxdur. «Qəbələ» və «Neftçi»ni çıxmaq şərtilə digər komandalar il ərzində beynəlxalq turnirlərdə iştirak etmirlər. Təbii ki, bu da gənclərin peşəkar futbolçu kimi püxtələşməsinə mane olan amillərdəndir. Çox istərdim ki, akademiyalarda, futbol məktəblərində işlər yüksək səviyyədə qurulsun, daha çox futbolçu yetişsin. Başqa sözlə, milliyə hazırlıqlı futbolçular gələcəklər. Akademiyalarda işlər yaxşı getsə, millilər də bundan fayda görəcəklər.

 

«Elə valideynlər var ki, övladlarının Azərbaycan millisində oynamasını istəmirlər»

 

- Bildiyimiz qədər xarici klubların akademiyalarında başqa azərbaycanlı uşaqlar da çıxış edirlər.

- Belə futbolçular var. Onların hamısı nəzarətdə saxlanılır, izlənilir. Bir neçəsinin valideyni ilə əlaqə yaratmışam. Gələcəkdə ölkə xaricində çıxış edən həmin gənclər də toplanışlara dəvət alacaqlar. Təəssüf ki, elə valideynlər var ki, övladlarının Azərbaycan millisində oynamasını istəmirlər. Buna baxmayaraq, həmin insanları fikirlərindən döndərməyə çalışırıq. Təbii ki, əgər övladının potensialı varsa.

 

- Gələcəkdə rəhbəri olduğunu yığmalara milliləşdirilmiş futbolçuları cəlb etməyi nəzərdə tutursunuz?

- Əminliklə deyə bilərəm ki, yox. Rəhbərlik də bu fikirdədir, millidə ancaq azərbaycanlı futbolçular oynayacaqlar.

 

- İlin sonunda millilərdə məşqçi dəyişikliyi gözlənilirmi?

- Hər şey rəhbərliyin verdiyi qərardan asılı olacaq.

 

- Bəlkə də əsas milliyə təyin olunan məşqçidən… Robert Prosineçki heç aşağı yaş qrupları ilə maraqlanırdı?

- Əlbəttə. Bir faktı misal çəkim. Ötən il U-17 millisi ilə Avropa çempionatının seçmə mərhələsində iştirak edəndə Prosineçki bizimlə əlaqə saxladı, vəziyyətlə tanış oldu, məsləhətlərini verdi. Ümumiyyətlə, aşağı yaş qrupları Bernhart Lippertin nəzarətindədir və bütün hesabatlar ona verilir. Bildiyim qədər Prosenieçki lazım olan məlumatları Lippertdən alırdı.

 

Həmsiöhbətimiz söhbətin sonunda «AEGEAN Cur» haqqında qısa məlumat verdi. Turnir noyabrın 19-dan 26-a kimi keçiriləcək. Səfərdən öncə U-16 yığmamız Bakıda 1 həftəlik təlim-məşq toplanışı keçəcək. «AEGEAN Cur»da 8 komanda 2 yarımqrupda mübarizəyə aparacq. Millimiz A qrupunda Türkiyə, Kosovo və Albaniya milliləri ilə birgə yer alacaq. B qrupunda isə Rusiya, Yunanıstan, Moldova və Monteneqrolu 16 yaşlılar yarışacaq. Turnirin əsas üstünlüyündən biri də budur ki, komandamız enyi vaxtda bir neçə milli ilə görüşmək imkanı qazanacaq. Təbii ki, yoxlanışla yanaşı turnirdə yüksək yerlər uğrunda mübarizə aparacaqlarını və bu turnir sayəsində U-16 yığmamızın üzvlərinin hazırlıq səviyyəsini daha yaxşı yoxlamaq imkanı qazanacaqlarını deyən Vüqar Məmməd məqsədlərinin gələn il U-17 komandası olacaq bu kollektivin təməlini indidən qoymaq olduğunu söylədi.

 

Söhbətləşdi: İlqar Tağıyev - «Het-trik news» qəzeti


Digər xəbərlər

Xəbər xətti