"Bein Sports"un yayımı Azərbaycanda niyə dayandırılıb? - AÇIQLAMA

17:50 30 Oktyabr 2017

Artıq bir müddətdir ki, Türkiyə Super Liqasının yayım hüququna sahib olan "Bein Sports" kanalının (Keçmiş "Lig TV") yayımı Azərbaycanda dayandırılıb.
 
Sportarena.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, kanalın yayım hüququna sahib olan "Digitürk"ün Bakıdakı nümayəndəliyindən abunəçilərə heç bir izahat verilməyib. Yalnız ödənilən pullar geri qaytarılıb və yayımın nə vaxt bərpa olunacağını heç kimin bilmədiyi deyilib. Müştərilərin narazılığına baxmayaraq, şirkət tərəfindən heç bir açıqlama verilmir.
 
"Qaynarinfo" məsələni araşdırarkən bəzi məqamlar üzə çıxıb. Bəzi iddialara görə, kanalın Azərbaycanda yayımına qadağa qoyulub. Lakin qadağanın kimin tərəfindən və hansı səbəbdən qoyulduğunu müəyyənləşdirmək mümkün olmayıb.
 
Problemin səbəblərini öyrənmək üçün şirkətin Bakı təmsilçiliyi ilə əlaqə saxlamağ açalışdıq. Lakin telefona cavab verənlər bu barədə açıqlama vermədilər.
 
Milli Televiziya və Radio Şurasının (MTRŞ) hüquq şöbəsinin müdiri Nemət Cavadov "Qaynarinfo"ya açıqlamasında "Bein Sports"un yayımının dayandırılması ilə bağlı MTRŞ tərəfindən heç bir qadağa və ya tələbin olmadığını bildirdi:
 
 
"Biz ""Bein Sports"  adında heç bir şirkətə lisenziya verməmişik. Milli Televiziya və Radio Şurası "Digitürk"ə lisenziya verib ki, "Bein Sports"un yayım hüququ da həmin şirkətin əlindədir. MTRŞ "Bein Sports"un yayımı ilə bağlı xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üzrə xüsusi razılıq əsasında "Roberts Cafe" MMC-yə lisenziya verib. "Roberts Cafe" MMC-nin də "Bein Sports"un yayımını hansı səbəbdən dayandırması ilə bağlı bizdə məlumat yoxdur. Ola bilər ki, kanalla həmin şirkət arasında bağlanılan müqavilənin müddəti başa çatıb. MTRŞ-nın "Bein Sports"un yayımının dayandırılması ilə bağlı heç bir tələbi və ya qadağası olmayıb".
 
"Roberts Cafe" MMC 6 may 2013-cü il tarixli təsis edilib, 2 gün sonra Vergilər Nazirliyi Bakı Şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. "Roberts Cafe" MMC ilə "Krea İçerik Hizmetleri ver Prodüksiyon" A.Ş. (Digitürk) arasında bağlanmış 1 sentyabr 2013-cü il tarixli Distribütörlük Müqaviləsinə əsasən "Digitürk"ə məxsus teleradio məhsullarının (DİGİPAKET) satış hüququ Azərbaycan və Gürcüstan ərazisində "Roberts Cafe" MMC-yə məxsusdur. 
 
Milli Televiziya və Radio Şurasının 28 fevral 2014-cü il tarixli qərarı ilə "Roberts Cafe" MMC-yə teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət (teleradio yayımı) üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilib. 
 
"Bein Sports"un yayımında yaranmış preoblemin səbəblərini öyrənmək üçün "Roberts Cafe" MMC ilə əlaqə saxlamağa çalışdıq. Amma bütün cəhdlərimiz boşa çıxdı.
 
 
Onu da qeyd edək ki, "Bein Sports" şirkəti Fransanın PSJ klubunun da sahibi olan Nasir Əl Xelafiyə məxsusdur. Qətərli iş adamının şirkəti Türkiyə Super Liqası ilə yanaşı, İngiltərə Premyer Liqasının, İspaniya La Liqasının, Fransa Liqa 1-nin və Braziliya A Seriyasının yayım hüququna sahibdir. 


Digər xəbərlər

Xəbər xətti