AFFA-nın baş katibi Elxan Məmmədov kəskin və olduqca gözlənilməz kadr dəyişikliyi haqda müsahibə verib.
Sportarena.az xəbər verir ki, o, söhbətinə “Qarabağ”ı təbrik etməklə başlayıb:
“Qarabağ” Avropanın futbol ictimaiyyətini bir daha təəccübləndirdi. Bu dəfə uğurlu nəticə Madridddə, son illərdə iki dəfə Çempionlar Liqasının finalçısı olmuş komandanın meydanında qazanıldı. Təbrik edirəm! “Atletiko” kimi komandayla iki dəfə heç-heçə etmək böyük uğurdur!”
Bundan sonra Elxan Məmmədov söhbətin əsas mövzusuna keçib:
“Mikayıl Nərimanoğlunun “Kəpəz”in Müşahidə Şurasından geri çağırılması haqda danışırıqsa, bu, AFFA-nın saytında göstərildiyi kimi “Kəpəz” Futbol Klubunda uşaq-gənclər komandalarının inkişafını gücləndirmək, idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə edildi. Gəncədə əsas komandayla yanaşı, həmçinin aşağı yaş qrupları komandalarının da inkişaf etməsini istəyirik. Regionlar üçün bu xüsusilə vacibdir. Gəncə kimi bir şəhər Azərbaycan futboluna çoxsaylı perspektivli gənclər bəxş etməyə qadirdir. Nərimanoğlu “Kəpəz”in icraçı direktoru ilə birgə bu tapşırıqların yerinə yetirilməsi üzərində sıx çalışsa da, qoyulan hədəfə çatmaq mümkün olmayıb”.
Mətbuatda Nərimanoğlunun maliyyə fırıldaqlarına görə “Kəpəz”i tərk etdiyi haqda xəbərlər
dərc olunub. İddia olunur ki, məhz bu səbəbdən departamentin rəisi vəzifəsindən də çıxarıldığı deyilir:
"AFFA vəsait ayırırsa, bu pulların necə xərclənməsinə nəzarət etməyə tam haqqımız var. Obyektivliyin tam qorunması üçün “Kəpəz”in maliyyə fəaliyyətini həmçinin müstəqil auditor şirkəti yoxlayıb. Bundan başqa, AFFA-nın Lisenziyalaşdırma qrupu tərəfindən də yoxlanışlar keçirilib. Yəni üçlü nəzarət prinsipi tətbiq edilib. Buna baxmayaraq, səhvlər olur. “Kəpəz”də bəzi maliyyə pozuntuları olsa da, onlar kritik deyildi və ikinci plana keçdi. Təkrar edirəm, bizim üçün əsas olan klubun və uşaq-yeniyetmə futbolunun hərtərəfli inkişafıdır. Məktəblərdə futbolu daha fəal yeritmək lazımdır. Klub bu məsələlərdə üzərinə daha böyük məsuliyyət götürməlidir".
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi postundakı dəyişikliyə gəlincə, Məmmədov yeni təyinatın bu şöbənin işinə müsbət təsir edəcəyinə inandığını bildirib:
“Firuz Abdulla uzun illər AFFA-da işləyən təcrübəli kadrdır. O, mətbuatla və xüsusilə ictimaiyyətlə işi yaxşılaşdırmalıdır. Son illərdə sosial şəbəkələr, rəqəmsal texnologiyalara çox böyük diqqət ayırırıq. Bu istiqamətlərdə də inkişafa ümid edirik. Nərimanoğlunun işinə gəlincə, o, AFFA-da Komitələrlə iş üzrə koordinator vəzifəsində işləyəcək. Klublar Komitəsi, Məşqçilər Komitəsi, Media Komitəisi... Burda da iş həcmi böyükdür”.
Cümə günü keçiriləcək AFFA-nın İcraiyyə Komitəsinin (İK) iclasında Azərbaycan yığmasının baş məşqçisi postuna namizədlər müzakirə olunacaq. Qurban Qurbanovun eyni zamanda həm klubda, həm də millidə işləməsiylə variant ortaya çıxsa, AFFA buna razılaşar?
“Hələlik bu məsələylə bağlı heç bir şərh vermək istəmirik, çünki bu İK-nın toplantısından əvvəl müzakirənin gedişinə təsir göstərmək kimi qiymətləndirilə bilər. Yalnız İK üzvlərinin görüşündən sonra nəsə söyləmək mümkün olacaq”, - deyə Məmmədov bildirib (haqqin.az).