Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda millinin yeni baş məşqçisinin adına aydınlıq gəlib. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu ilin dekabr ayından, Robert Prosineçkinin yığma ilə müqavilə müddəti bitdikdən dərhal sonra millinin “sükanı arxasına” keçəcək.
Sportarena.az xəbər verir ki, iclasdan sonra AFFA prezidenti Rövnəq Abdullayev və Qurban Qurbanovun brifinqi keçirilib. İlk olaraq sözə Rövnəq Abdullayev başlayıb.
- Rövnəq Abdullayev: İcraiyyə Komitəsinin iclası başa çatdı. Uzun müzakirədən sonra, yekdil qərarla Qurban Qurbanov millinin baş məşqçisi təyin edildi. Ona uğurlar arzulayıram.
Daha sonra Qurbanov təyinatla bağlı fikirlərini bildirib:
- Qurban Qurbanov: İcraiyyə Komitəsinin üzvlərinə təşəkkkür edirəm. Futbolçu olduğun zaman daim əziyyət çəkirsən ki, milliyə düşəsən. Məşqçi kimi də həmçinin. Bilirəm ki, çox məsuliyyətli işdi. Azarkeşlərin gözü milli komandadadı. Mən özüm də millinin oyunlarında azarkeş kimi iştirak etmişəm və onların millidən yaxşı nəticə gözlədiklərini bilirəm. Çalışacağıq ki, daha uğurlu nəticə əldə edək. Qısa müddətin işi deyil. Uzun müddətli proqramımız olmalıdı. Pillə-pillə irəli getməliyik. Çalışacağıq ki, milli daha da peşəkar olsun, irəli getsin. Bu işin görülməsi üçün əlimdən gələndən artığını etməyə çalışacam. Bir azərbaycanlı kimi milli komandamız və futbolumuz üçün daha artığını etməyə çalışacağıq. İşimiz, məsuliyyətimiz çoxalır. Rəhbərliklə birlikdə əlimizdən gələni edəcəyik ki, bu işin öhdəsindən gələk. Mənə inandığınız üçün hamınıza, azarkeşlərə, sizlərə təşəkkür edirəm.
- Qurban Qurbanovun İcraiyyə Komitəsində üzvlüyü qalacaq?
- R. A: Bəli qalacaq.
- Qurbanov “Qarabağ”da da işini davam etdirəcək?
- R.A: Qurbanov “Qarabağ”da da qalacaq. Orda da işinə davam edəcək. Millinin baza komandası “Qarabağ” olacaq. Yığmanın oyunçularının çoxu bu komandada cəmləşib. Ona görə, “Qarabağ”da işini davam etdirəcək. Premyer Liqa klublarıyla da işləyəcək, daim əlaqə saxlayacaq. Fikrimcə, onun “Qarabağ”da qalması ümumi işin xeyrinə olacaq.
- Müqavilə müddəti növbəti tsiklin axırına kimi olacaq?
- R.A: Biz belə qərara gəldik ki, bu dəfə uzun müddətli müqavilə bağlayaq. Əvvəl hər tsikldə yeni müqavilə bağlayırdıq. İndi isə 3 tsikli - 2020, 2022 və 2024-cü ili əhatə edəcək uzunmüddətli müqavilə bağlanacaq. Sistem qurulmalıdı. Oyunçuların hazırlıq sistemi bir mərkəzdən, AFFA tərəfindən, vahid sistemlə müəyyənləşdirilməlidi.
- Köməkçilər kimlər olacaq?
- R.A: Hələ yeni təyin olunub, bu məsələ sonra dəqiqləşdiriləcək.
- Q.Q: Bu barədə danışmaq hələ tezdi. Təkcə köməkçi yox, başqa detallar da var ki, bu barədə hələ heç nə deyə bilmərəm. Bir aya, bəlkə də, iki aya bu barədə məlumat verəcəm.
- Qurban bəy, hamı bilir ki, əsas məqsəd AÇ-2020-yə vəsiqədi. Hamı bilir ki, bunun üçün əsas yol Millətlər Liqasıdı...
- Q.Q: Futbol elə oyundu ki, burda dəqiq bir şey deyə bilmərik. Lakin əlimizə düşən bütün imkanlardan maksimum istifadə etməliyik. Bir-birimizə dəstək olaraq, bu işin öhdəsindən gəlməliyik. Bu gün “Atletiko” bizdən qat-qat güclü olsa da, biz onlardan xal aldıq. Ya da ki, çempionatda, zəif hesab etdiyimiz komanda bizdən xal alır. Futbolda hər şey mümkündü. Kiçik də şansımız varsa, bundan istifadə etməyə çalışacağıq.
- Sizin AFFA-dan və federasiyanın sizdən əsas tələbi, şərti nə olub?
- R.A: Şərtlərimiz Azərbaycan futboluna xidmət etməkdi.
- Q.Q: Bir-birimizin qarşısına şərt qoymadıq. Əsas işimiz Azərbaycan futboluna xidmət etməkdi. Federasiya ilə münasibətlərimiz var. Bir-birimizə inanaraq, bu yolda davam edəcəyik.