İcraiyyə Komitəsinin bu gün baş tutan iclasında öncədən gözlənildiyi kimi Azərbaycan millisinin baş məşçi postuna təyinat gerçəkləşdi. Ölkənin bir nömrəli komandası Qurban Qurbanova tapşırıldı. AFFA prezidenti Rövnəq Abdullayevin verdiyi məlumata görə, onunla 6 illik müqavilə imzalanacaq. Qurbanovun milliyə təyinatı onun "Qarabağ"dan ayrılacağı anlamına gəlmir. Mütəxəssis hər iki yerdə fəaliyyət göstərəcək.
Ölkə futbol ictimaiyyəti bu təyinatdan sonra iki yerə bölünmüşdü. Kimisi Qurban Qurbanovun milliyə təyinatının "Qarabağ"a və özünə ziyan verəcəyini söyləyir, kimisi isə əksinə, yığma komandaya ondan başqa heç kimin uğurlu rəhbərlik edə bilməyəcəyini bildirir. Fikirlərin haçalanması təbii haldı. Nəyin necə olacağını zaman göstərəcək.
Mütəxəssislər isə mətbuata verdikləri açıqlamalarda Qurban Qurbanova hələ təyinatdan öncə ciddi dəstək göstərdilər. Onlar birmənalı şəkildə millinin baş məşqçi postuna yeganə namizədin Qurbanov olduğunu bildirdilər. Onlar arasında Qurban bəyə yaxşı tanış olan Ağasəlim Mircavadov da var. Sportarena.az saytına danşan milli komandanın sabiq məşqçisi futbolçu ikən rəhbərlik etdiyi çalışdırıcının təyinatını uğurlu qərar hesab edir:
"Mən ölkəmiz müstəqəllik qazanan illərdən deyirəm ki, milli komandaya yerli məşqçi rəhbərlik etməlidi. Bunun səbəbləri barədə çox danışmışıq. Qurban Qurbanovun təyinatı doğru qərardır. Onda milli komandaya rəhbərlik etmək üçün bütün xüsusiyyətlər var. Federasiyanın bu qərarı yerinə düşdü. Qazandığı uğurlar göz önündədir. Əlavə şərhə ehtiyac yoxdur. Milliyə belə bir vaxtda futbolumuza, futbolçularımıza yaxşı bələd olan, istəkli məşqçi lazım idi".
Qurban Qurbanovun həm klubda, həm millidə işləməsi ona problem yaratmazmı?
- Xeyr, heç bir problem olmayacaq. Əksinə, o, bu işin öhdəsindən gələcək. Çünki milliyə cəlb olunan futbolçuların 60 faizi elə "Qarabağ"da çıxış edənlərdi. Bu sarıdan milli və klub arasında problem olmamalıdı. Qurban Qurbanov millinin düşərgəsində olanda köməkçiləri "Qarabağ"a nəzarət edəcəklər. Onun kifayət qədər təcrübəli köməkçiləri var.
- Qurban Qurbanovun təyinatı millinin AÇ-2020-ə yolunu açacaqmı?
- Bunu zaman göstərəcək. Amma bir məsələ var ki, Qurban Qurbanov futbolumuza bələd olan şəxsdi. Futbolçular onu, o da futbolçuları tanıyır. Oyun üslubu hamıya məlumdu. Yəni ki, uyğunlaşmaq dönəminə ehtiyac olmayacaq.
- Nəzərə alsaq ki, yeni yaradılan Millətlər Liqasından da Avropa Çempionatına yollanmaq mümkün olacaq, onda komandanın və Qurbanovun işini yüngəlləşdirə, motivasiyanın itməməsinə səbəb ola bilərmi?
- Bunu düz vurğuladız. Motivasiya bizim üçün çox önəmlidi. Motivasiya ilə oynamağı sevirik. Hər bir işimiz belədi. Motivasiya olmayanda uğur qazana bilmirik. Millətlər Liqasından Avropa Çempionatına yollanmaq şansımız var. Amma yenə də iksini də əlimizdə saxlamalıyıq. Hər iki turnirə ciddi yanaşılacaq.
- Qurban Qurbanov ilk dəfə məşqçiliyə başlayanda sizdən xeyir-dua almışdı. Həm məşqçisi olmusuz, həm də təcrübəli mütəxəssis kimi ona tövsüyyəniz var?
- Bəli, ilk dəfə məşqçiliyə başlayanda müəllimi kimi məndən xeyir-dua almışdı. İndi də bir ağsaqqal kimi ona xeyir-dua verirəm, işində uğurlar arzulayıram. İnşallah qazandığı qələbələrlə bizi sevindirər. Həm özümün, həm də Məşqçilər Komitəsinin adından deyirəm ki, nə vaxt kömək lazım olsa, biz hazırıq. Bu, bizim borcumuzdur. Çünki, yerli məşqçidir. Sonda onu təbrik edir, uğurlar arzulayıram.
Heybət Məmmədov