AFFA Azərbaycan milli komandasının futbolçularının şəkillərindən qanunsuz istifadə edən 1XBET bukmeyker kontoru ilə bağlı tədbir görəcək.
Sportarena.az xəbər verir ki, bu barədə "Report”a qurumun Marketinq və sponsorluq şöbəsinin rəhbəri Tural Piriyev bildirib. O deyib ki, daha əvvəl sözügedən məsələ ilə bağlı həmin şirkətə müraciət olunub. T.Piriyevin bu dəfə daha sərt tədbir görəcəklərini söyləyib:
"Əvvəl bu məsələ ilə bağlı qeyd etdiyiniz bukmeyker kontoruna müraciət etmişdik və Azərbaycan millisinin futbolçularının şəkillərindən istifadəni aradan qaldırmışdılar. Lakin yenə oxşar vəziyyət yaranıb. Bu, qanun pozuntusudur. AFFA-nın sözügedən şirkətlə heç bir razılaşması, rəsmi müqaviləsi yoxdur. Onlarla təkrar əlaqə saxlayacağıq və lazım gəlsə, müvafiq yerlərə müraciət edəcəyik. Bu dəfə daha sərt tədbir görəcəyik”.
Öz növbəsində, futbolçulardan Namik Ələskərov şəklinin reklam bannerində yer almasından xəbərsiz olduğunu söyləyib. "Neftçi"nin və Azərbaycan millisinin yarımmüdafiəçisi bununla bağlı şikayət etməyi düşünmədiyini əlavə edib.
Qeyd edək ki, bəzi yerli və xarici saytlarda 1XBET bukmeyker kontorunun Azərbaycan millisinin futbolçularının şəkillərindən reklam vasitəsi kimi istifadə etdiyini görmək mümkündür. Azərbaycanda ilk və yeganə qanuni mərc oyunu Topaz sayılır.