Qurban Qurbanov: "Çalışmalıyıq ki, sabah azarkeşlər stadionu razı tərk etsinlər"

13:48 21 Noyabr 2017

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda sabah “Çelsi”ni qəbul edəcək “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Qurbanov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

 

- Bizi ağır oyun gözləyir. Həm rəqib, həm də bizim üçün çox vacib matç olacaq. Bakıdakı son oyunumuzdu. Rəqibin gücünü bilirik. Az səhv etməyə və meydanda sona kimi mübarizə aparmağa çalışacağıq.

 

- Pedro Enrike cəzalıdı. Dani Kintananın isə zədəsi var. Bu, sizi narahat etmir ki? 
- Enrike barədə düşünmürük. Çalışırıq ki, əlimizdəki oyunçuların xidmətindən maksimum istifadə edək. Daninin vəziyyəti yaxşıdı. Lakin onun vəziyyətinə sabah tam aydınlıq gələcək.

 

- “Qarabağ”ın müdafiə xəttində yaşlı futbolçular çoxdu. Üç müdafiəçinin yaşı 100-dən çoxdu. Qışda arxa xəttə transfer gözlənilir? 
- Transfer barədə hələ ki, düşünmürəm. Əlimdəki müdafiəçilərdən razıyam. Onların yaşına baxmıram. Onlar bütün komandaya nümunədilər. Həm meydanda, həm də meydandan kənarda. Fikrimi transferlərə yönəltmək istəmirəm.

 

- Şehiçə çox şans verirsiz. Qarşıda iki oyun var. Kanibolotskiyə bu oyunlarda şans vermək fikriniz var? 
- Təkcə qapıçıma yox, bütün komandama güvənirəm. Bəzi oyunçular var ki, onlara daim şans verirəm. Bütün oyunçularım mənim üçün önəmlidi. Onlara inanıram.

 

- Avropa nəhəngləri eyni gücdə iki heyətlə oynayır. Sizin belə planınız var? 
- Biz rotasiya çox etmişik. Lakin bəzən elə olur ki, iki heyət də yetərli olmur. Zədələr, cəzalar olanda, iki heyət də kifayət etmir. Oyunçu potensialını gücləndirməliyik. Nə qədər desək ki, Avropa səviyyəsinə çatmışıq, yalan olar. Bunun üçün çox çalışmalıyıq.

 

- Komandanın Avroliqaya vəsiqə şansı qalır. Bu, komanda üzərində təzyiq yaratmır ki? 
- Təzyiq həmişə olur. Azarkeşlər bizdən yaxşı nəticə gözləyirlər. Amma rəqibi düzgün dəyərləndirməliyik. “Çelsi” Avropanın ən güclü komandalarındandı. Bu rəqib heç bir oyuna qeyri-ciddi yanaşmır. Baş məşqçi bu matçın mövsümün ən vacib qarşılaşması olduğunu deyib. Elə bu sözlər onların bu oyuna necə hazırlaşdığını göstərir. Sabah bu rəqibə layiqli müqavimət göstərməyə çalşacağıq. Bu komanda meydanda boşuna heç nə etmir. Bütün hərəkətləri düşünülmüş olur. Rəqib oyun zamanı bir neçə taktikadan istifadə edir. Ancaq futbolçularıma güvənirəm. Sabah 3-cü yer barədə düşünməməliyik. Çalışmalıyıq ki, sabah azarkeşlər stadionu razı tərk etsinlər.


Digər xəbərlər

Xəbər xətti