Çempionlar Liqasının 5-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Çelsi" oyununa böyük maraq var.
Sportarena.az xəbər verir ki, söhbət təkcə azarkeş marağından getmir. Avropanın futbol ictimaiyyəti də bu görüşə xüsusi yanaşır. "Qarabağ"ın turnirdəki son oyunlarında uğurlu çıxışı bunun əsas səbəblərindəndir.
Artıq Ağdam klubu Avropada müzakirə mövzularına çevrilib. "Qarabağ"ın futbolçularının adları isə artıq transfer siyahılarına daxil olmaq üzrədir. Əldə etdiyimiz məlumata görə, Qurban Qurbanovun bir sıra futbolçuları artıq Avropa klublarının diqqətini cəlb edib. Elə bunun nəticəsidi ki, Almaniya, İspaniya, İngiltərə, Hollandiya, Türkiyə, Rusiya və Belçika klublarının skautları Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanı canlı izləmək üçün paytaxtımıza gəliblər.
Klublardan yalnız dördünün adını dəqiqləşdirmək mümkün olub. "Anderlext", "Nyukasl", "Kristal Pelas" və "Norviç" kimi tanınmış klublar "Qarabağ"ın futbolçularını izləmək üçün əməkdaşlarını Bakıya göndəriblər. Maraq üçün qeyd edək ki, adı çəkilən İngiltərə klublarının skautları dünən "Beşiktaş" - "Portu" matçını (1:1) izlədikdən sonra paytaxtımıza yola düşüblər.
Bu məqamda maraq doğuran sual "Qarabağ"ın hansı futbolçularının diqqət mərkəzində olmasıdır. Oyunçuların adları da bizə məlumdur. Ağdam klubunun 5 üzvünə - Ramil Şeydayev, Dino Ndlovu, Mahir Mədətov, Qara Qaraye və Riçard Almeydaya böyük maraq var.