Konte: "Hakim tərəf tutmamalıdı"

00:01 23 Noyabr 2017

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə “Qarabağ”a qalib gələn (4:0) “Çelsi”nin baş məşqçisi Antonio Kontenin oyundan sonra mətbuat konfransı keçirilib.

 

Sportarena.az xəbər verir ki, italyan mütəxəssis birbaşa sualları cavablandırıb:

 

- İlk hissədə penalti və qırmızı vərəqə çox ağır cəza idi. Bu, oyunun gözəlliyinə təsir etmədi ki? Nəzərə alaq ki, “Çelsi”nin “Qarabağ”la matçda bu cür köməyə ehtiyacı yoxdu...
- Mənim üçün bu epizod barədə danışmaq çətindi. Çünki həmin epizodun baş verdiyi yerə uzaq idim. Ancaq onu deyə bilərəm ki, hakim oyunda heç bir halda tərəf tutmamalıdı.

 

- Sona bir tur qalmış növbəti mərhələyə vəsiqə qazandız. Bu, sizi razı salır? 
- Əlbəttə, razıyam. Qarşıya qoyduğumuz vəzifəni yerinə yetirdik. Artıq “Atletiko” ilə oyun həlledici olmayacaq. Həmin oyunda rotasiya edə biləcəm. “Roma” və “Atletiko”nun çətinlik çəkdiyi rəqibə qarşı bu cür nəticə qazanmaq xoşdu.

 

- Vilianın oyunundan razı qaldız?
- Bu matçda bir neçə rotasiya etdim. O ki qaldı Viliana, onun iki qol vurması özünəinamı qaytarması üçün çox yaxşı oldu. Bu cür də davam etməliyik.

 

- Geri qayıdarkən təyyarədə yatacaqsız, yoxsa “Liverpul”la oyunun planlarını quracaqsız?
- Əlbəttə, növbəti oyun barədə düşünəcəyik. Ancaq biz “Liverpul”la oyun barədə daha öncədən düşünməyə, bu matçla bağlı planlar qurmağa başlamışdıq. Bu oyuna hazırlaşmaq üçün cəmi bir gün vaxtımız olacaq.

 

- “Qarabağ” azarkeşlərinin xareoqrafiyasından nə başa düşdüz?
- Bu gün stadionda futbol üçün əla atmosfer var idi. Futbolçuların belə atmosferdə, bu cür azarkeşlər qarşısında çıxış etməsi çox xoşdu. Bəllidi ki, burda insanların futbola böyük marağı var. O cümlədən, öz azarkeşlərimizə də uzun yol qət edərək Bakıya gəlib, bizi dəstəklədiklərinə görə təşəkkür edirəm.

 

- İlk oyunla müqayisədə bu matçda “Qarabağ” sizi hansı komponentdə təəccübləndirdi? Ümumiyyətlə ilk qarşılaşma ilə müqayisədə rəqibdə hansı dəyişiklikləri gördüz?
- “Qarabağ” ilk oyunda da özünü yaxşı tərəfdən göstərmişdi. Bu komandanın özünıməxsus oyunu var. Bu gün “Qarabağ” 10 nəfərlə qalmasına baxmayaraq, yenə yaxşı mübarizə apardı. Bu münasibətlə “Qarabağ”ın baş məşqçisini və futbolçularını təbrik edirəm.

 

- Bu, ilk sual olmalı idi, ancaq sona təsadüf etdi. Jurnalistləri 20 dəqiqə gözlətdiz. Bunun xüsusi bir səbəbi var idimi?
- ("Çelsi"nin mətbuat katibi cavablandırdı - red.) Baş məşqçinin mətbuat qarşısında başqa öhdəlikləri də var. O, bunu yerinə yetirirdi. Yubanma bununla bağlı oldu.


Digər xəbərlər

Xəbər xətti