Ramiz Məmmədov: "Açıqlasam, böyük partlayış olacaq"

19:37 25 Noyabr 2017

Azərbaycan Premyer Liqasının 13-cü turunda səfərdə “Neftçi”yə uduzan (1:3) “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Məmmədov əvvəlcə matçla bağlı fikirlərini bildirib:

 

- Bu komandada olan uşaqların yarıdan çoxu potensialından aşağı çıxış edir. Nizami Hacıyevin zədəli olduğunu bilirdik. Amma bu komandanın təcrübəli futbolçuya ehtiyacı var. Özü də yaxınlaşıb dedi ki, “Keşlə”dən gedəsi olsam da, bu komandaya kömək etmək istəyirəm. Sonra yorulduğunu görüb əvəzlədim.

 

- Futbolçuların potensialından aşağı çıxış etməsinin səbəbini nədə görürsüz?
- Səbəbi başqa yerdə axtarmaq lazımdı. Mən bunu burda açıqlayası olsam, böyük partlayış olacaq. Buna ehtiyac yoxdu.

 

- Sözlərinizdən belə çıxır ki, komanda bilərəkdən oynamır...
- Elə demirəm. Sadəcə, futbolçular potensiallarından aşağı səviyyədə çıxış edirlər. Onların adlarını açıqlamaq istəmirəm. Ayrı-ayrılıqda hər biri ilə söhbət edəcəm. Bundan artığını oynaya bilərlər. Yaradılan qol vəziyyətlərini gördünüz.

 

- Skarlatakeni yarımmüdafiədə oynatmaqda məqsədiniz nə idi?
- İkinci toplarda uduzduğumuz üçün ona yarımmüdafiədə şans verdim. Öz işinin öhdəsindən layiqincə gəldi. Ona təşəkkürümü bildirirəm.

 

- Bəzi futbolçuların potensiallarından aşağı səviyyədə çıxış etməsi ehtiyat heyətin olmaması ilə bağlıdı?
- Kluba tətbiq olunan qadağanı özünüz bilirsiz. Bəziləri indidən qış tətilinə yollanıblar. Bu komandanı dağıdıb, yenidən yığmaq lazımdı.

 

- Demək istəyirsiz ki, bütün oyunçuları göndərmək lazımdı...
- Bəli. Heyət tamamlə yenidən qurulmalıdı. Köklü dəyişikliklər lazımdı. 3-4 futbolçu ilə vəziyyət düzələsi deyil.


Digər xəbərlər

Xəbər xətti