Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku azərbaycanlı jurnalistə zəng edib.
Sportrena.az xəbər verir ki, o, Rusiyanın “Matç” TV kanalının əməkdaşı Elvin Kərimovla əlaqə saxlayıb. Buna səbəb Kərimovun sovsport.ru (Sovetskiy sport) saytında çıxan yazısı olub. Məqalədə o, rumıniyalı çalışdırıcının menecerlərlə birlikdə işlədiyini və yığmağa onların sifarişi ilə futbolçu çağırdığı qeyd olunub.
Yazıda Hollandiyanın 2-ci liqa təmsilçisi "Dordrext”də çıxış edən Erol Alkanın adı çəkilir. Çıxış etdiyi klubda heyətə düşə bilməyən futbolçunun adı Luçeskunun Rumıniya ilə matç üçün Türkiyə millisinə dəvət alan futbolçuların siyahısında olub. Amma Alkan meydana çıxmayıb.
Məhz bu olaylardan sonra Elvinin yazdığı "Erol Alkanın işi: Türkiyədə korrupsiya skandalında Luçeskunun adı hallanır” məqaləsinə Luçeskudan reaksiya gəlib. Kərimov şəxsi “Facebook” səhifəsində çalışdırıcının ona zəng etdiyini bildirib. Luçesku ilə sərt danışmadıqlarını vurğulayan Elvin söhbətin detallarını açıqlamayıb:
“Kimsə məni çimdikləsin. Mirça Luçesku haqqında çıxan yazımdan sonra o, mənə zəng etdi. Gülməli olan odu ki, o, öz zəngi ilə məni yuxudan oyatdı. Yuxuda olmadığımı başa düşməyim xeyli vaxt çəkdi”.