AFFA-nın Marketinq və Sponsorluq Şöbəsinin müdiri Tural Piriyev və sponsorluq üzrə menecer Nigar Qasımova Polşanın paytaxtı Varşavada təşkil olunmuş UEFA seminarında iştirak ediblər.
Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, ilk dəfə UEFA-nın üzvü olan bütün milli assosiasiyaların nümayəndələrinin iştirakı ilə təşkil edilən seminar "UEFA GROW" layihəsinin qiymətləndirilməsi və növbəti addımların müzakirəsinə həsr edilib. Tədbirin ikinci günü milli assosiasiyalara uzunmüddətli strategiya və strateji kommunikasiya qurulmasının üstünlükləri barədə təqdimat edilib və ən yaxşı praktiki nümunə kimi AFFA-nın inkişaf strategiyası təhlil olunub. Tural Piriyev inkişaf strategiyasının analizi çərçivəsində UEFA konsultantlarının suallarını cavablandırıb.
“UEFA GROW” 2015-ci ildə Azərbaycan da daxil olmaqla 6 ölkədə pilot layihə kimi tətbiq edilməyə başlanıb. Brend imicinin qaldırılması, rəqəmsal marketinq, gəlirlərin artırılması, kütləvi futbol sahələrini əhatə edən layihə çərçivəsində UEFA həmçinin strateji inkişaf planı və düzgün kommunikasiya strategiyası qurulmasında da futbol assosiasiyalarına dəstək göstərir. Hazırda 30-dan çox ölkədə tətbiq edilən layihə çərçivəsində UEFA nümayəndələri, layihəyə cəlb edilmiş agentliklər və konsultantlar, o cümlədən yerli futbol assosiasiyasının əməkdaşlarının iştirakı ilə müvafiq sahələr üzrə təhlillər aparılır, inkişaf planı hazırlanır. Bütün xərclər qarşılanmaqla yanaşı, hər ölkədə spesifik tələblərə görə UEFA tərəfindən əlavə büdcə ayrılması da mümkündü.